Bu gün dünyada pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunur.
Bu gün dünyada pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunur.
TİA.AZ xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər də bu günü özünəməxsus şəkildə bayram ediblər.
Bu gün “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udin dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, Azərbaycan dövlətinin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udin yaşayır. Ümumilikdə, ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Qeyd edilib ki, keçmiş sovetlər dönəmində udinlərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra udinlərə öz bayramlarını keçirmək üçün şərait yaradılıb. 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.