Dünən iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub. Hadisədən öncə də o bir dəfə hovuzda boğulmaq təhlükəsi yaşayıbmış.
Tribunainfo.az xəbər verir ki, bu barədə 4 yaşlı mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib. Ananın sözlərinə görə, elə hadisə də bir anda baş verib:
“Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.
A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib:
“Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.
Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Gülşən Rəsul