Qəbələ rayon İcra Hakimiyyəti daha bir tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, qurumun Qəbələ şəhər İnzibati Ərazi Nümayəndəliyi üç küçədə əsaslı təmir işlərini həyata keçirəcək.
Belə ki, Qəbələ şəhər H.Əliyev prospekti, Nizami və H.Aslanov küçələrində aparılacaq əsaslı təmir işlərinin satınalınması ATF MMC-yə həvalə olunub. Bu məqsədlə şirkətə 404 min 580 manat ödəniləcək.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, bu, ATF MMC ilə Qəbələ İcra Hakimiyyəti arasında ilk tender deyil. Belə ki, ötən ilin tərəflər arasında iki tender anlaşması əldə olunub. Onlardan biri 14 oktyabrında baş tutub. Açıq mənbələrdə bildirilir ki, Qəbələ İcra Hakimiyyəti sözügedən şirkətə Qəbələ şəhər Heydər Əliyev prospektində yolların əsaslı təmir işlərinin satın alınmasını həvvalə edib. Buna görə, 387 min 497 manat pul ödəyib.
İkinci tender isə ötən ilin 21 oktyabrında baş verib. Yenə də Heydər Əliyev prospektinin təmirini nəzərədə tutan bu razılaşmaya əsasən İcra Hakimiyyəti ATF MMC-yə 465 min 446 manat ödəniş edib.
Bildirək ki, “ATF” MMC Azad, Təbriz və Faxrəddin Muradov qardaşları tərəfindən yaradılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti hesab olunur. “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov isə bir neçə il əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək, məhkəmə qərarı ilə həbs olunub.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur