“Qəbələ”nin futbolçusu: “Bəxtimiz gətirmədi”

“Qəbələ”nin futbolçusu: “Bəxtimiz gətirmədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki zərbəmiz dirəyə tuş gəldi. Bəxtimiz gətirmədi”.

Tribunainfo.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Murad Musayev Kipr klubu “Omoniya”ya 2:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib.

29 yaşlı müdafiəçi rəqibin standart vəziyyətlərdəki üstünlüyünün həlledici rol oynadığını bildirib: “Komandamız yeni yığılıb və ilk rəsmi oyunumuz Konfrans Liqasına təsadüf etdi. Ötən mövsümdəki heyətdən bir çox oyunçu gedib, yeniləri gəlib. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Matçın bəzi hissələrində rəqibdən güclü idik. Bəxtsiz qollar buraxdıq. Standart vəziyyətlər rəqibin üstün tərəfi idi. “Omoniya” üç dəfə standart vəziyyətdən fərqləndi, onun da biri penalti idi. Xırda səhvlər bizi məğlubiyyətə sürüklədi”.

Azərbaycan millisinin üzvü 82-ci dəqiqədə topsuz sahədə “Omoniya”nın hücumçusuna qarşı müdaxiləsindən sonra hakimin penalti təyin etdiyi epizodu da dəyərləndirib: “Penalti epizoduna baxmamışam. Amma məncə, hakim göstərməyə bilərdi. Çünki top ikimizin arasında deyildi və ciddi müdaxilə yox idi. Sadəcə, toqquşma oldu”.

Murad Musayev bir həftə sonra keçiriləcək cavab görüşündə revanşı almağa çalışacaqlarını sözlərinə əlavə edib: “Şans həmişə var, “Omoniya”nı keçmək olar. Bu matçı yaxşı təhlil edib, səhvləri də aradan qaldıraraq, cavab görüşünə yollanacağıq. “Omoniya”nın, xüsusən də, standart vəziyyətlər zamanı qarşısını almağa çalışacağıq”.

Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında cavab matçı avqustun 3-də Nikosiyada keçiriləcək.