Bakıda tender pullarını mənimsəməkdə təqsirləndirilən sahibkar Tural Alışanlının barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttiham aktına əsasən, Tural Alışanlının faktiki rəhbərlik etdiyi “TUA TT” MMC 7 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderlərdən birinin qalibi imiş. Həmin tender Qarabağ döyüşlərində əlil olmuş şəxslərə mənzillərin tikintisi üçün keçirilib. İttihama görə, Tural Alışanlı tender üçün ayrılmış 756 min manatın 193 min manatını mənimsəyib.
Dövlət ittihamçısı çıxışında deyib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci ildə “TUA TT” MMC yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün ümumilikdə 13 ədəd 3 otaqlı fərdi evin tikintisi ilə bağlı tenderdə iştirak edib. Nazirliklə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli müqavilə üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi öhdəliyini üzərinə götürüb. Lakin ona ödənilən 756 min manatın bir hissəsini evlərin tikintisinə xərcləyib. 190 min manatı isə hissə-hissə tanışlarının bank hesablarına köçürüb və şəxsi ehtiyaclarına xərcləyib.