Qazaxıstan kartofumuzu geri qaytardı: Nazirlik işə qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyun ayında Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb. 

Bu ilin iyun ayında Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulunun fitosanitar tələblərə tam uyğun olduğunu bildirib. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib.