“Qazandığım gümüş medalı atama həsr edirəm”.
Tribunainfo.az xəbər verir ki, bunu Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.
O, Heydər Əliyev Beynəlxalq Hava Limanındakı qarşılanma mərasimindən sonra jurnalistlərə mundialda əldə etdiyi tarixi nailiyyət barədə danışıb:
“10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. Bu, karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. Mənə bu yarışda iştitak edə bilməyim üçün dəstək göstərən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. May ayında iki ağır əməliyyat keçirdim. Rəhbərliyimiz və digər qurumlar dəstəklərini məndən əsirgəmədilər”.
D,Dadaşbəyli qarşıdakı yarışlara daha əzmlə hazırlaşacağını bildirib: “Dayanmaq fikrində deyiləm. Çalışıram ki, hər zaman Azərbaycan bayrağını zirvələrə qaldırım. Növbəti məqsədim qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.