Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanda qaz xətlərinin çəkilişi ilə bağlı fəaliyyət göstərən podratçı şirkətlərin işində ciddi şübhəli məqamların olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşların podratçılarla bağladığı müqavilələrin şərtləri çox vaxt gizlədilir və imzalar abonentin iştirakı olmadan atılır.
Tribunainfo.az xəbər verir ki, Qəhrəmanlının sözlərinə görə, hazırda ölkədə 60-dan artıq lisenziyalı podratçı MMC fəaliyyət göstərir. Onun fikrincə, bu təşkilatlar qaz xətlərinin çəkilməsi, təmiri, qaz və su sayğaclarının quraşdırılması, həmçinin yeni mənzillərin və fərdi evlərin qazlaşdırılması üzrə ixtisaslaşıblar:
“Rəsmi məlumatlara əsasən, 2024-cü ildə və 2025-ci ilin ilk 9 ayında ümumilikdə 90 mindən çox yeni əhali abonenti və 1200-dən artıq qeyri-əhali abonenti qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkə üzrə on minlərlə qaz xətti çəkilib. Doğrudanmı həmin işlər podratçı təşkilatların öz işçiləri tərəfindən görülüb, yoxsa “Azəriqaz” rəhbərliyinin təzyiqi ilə idarələrin yerli ustaları və mühəndislərinə etdirilib?”.
Hüquq müdafiəçisinin sözlərinə görə, vətəndaşlar podratçılara 270–500 manat arasında ödəniş etsələr də, müqaviləyə görə bütün işlər – qaz xəttinin çəkilişi, sayğacın quraşdırılması, qaz detektorunun verilməsi, təzyiqə davamlılığın yoxlanılması – podratçının məsuliyyətindədir. Lakin faktiki olaraq vətəndaşlar bəzən bu işləri öz hesabına görməyə məcbur edilir.
Qəhrəmanlı iddia edir ki, podratçı MMC-lərin rəsmi işçi qüvvəsi və dövlətə ödənilən vergi öhdəlikləri sual altındadır:
“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırsa, görəcək ki, abonentlərin ödədiyi 250–500 manatın 50 faizi müxtəlif səviyyəli rəhbərlər arasında bölüşdürülür. Bu, ciddi korrupsiya göstəricisidir”.
Mirvari Qəhrəmanlı vətəndaşlara müraciət edərək evlərinə qaz xətti çəkdirərkən podratçı ilə bağladıqları müqavilələri diqqətlə oxumağa və imzaları şəxsən atmağa çağırıb.
Hüquq müdafiəçisinin səsləndirdiyi iddialara əsasən qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul