1924-cü ildə Leninin vəfatından sonra partiya daxilində yaranmış gərginlik yeni yaradılmış SSRİ-nin siyasi elitasında qruplaşmalara, intriqalara səbəb olub ki, bu çəkişmələrdə mövqelərini əldən verməmək üçün Stalin bütün mümkün variantlara əl atıb. Bu məsələdə Rusiyadan sonra ikinci ən böyük respublika olan Ukraynanın dəstəyini qazanmaq Stalin üçün vacib sayılıb və bu məqsədlə də o, ən yaxın silahdaşlarından biri olan Lazar Kaqanoviçi Ukraynaya birinci katib göndərib.
Kaqanoviçin Ukrayna rəhbərliyinə gətirilməsi yerli kommunistlər tərəfindən birmənalı qarşılanmayıb. Kifayət qədər kobud və sərt olan birinci katibin müttəfiq respublikada kütləvi şəkildə ruslaşma siyasəti aparması ukraynalı ziyalıların, elm, mədəniyyət və ictimai xadimlərin ciddi narazılığına səbəb olub.
Kaqanoviç apardığı kadr islahatlarında dövlət və hökumət qurumlarında əsasən rusların yerləşdirilməsinə üstünlük verib. 1920-ci illərin statistikasına nəzər yetirəndə Kaqanoviçin kadr siyasətinin hansı istiqamətdə olduğunu aydın hiss etmək olar. Belə ki, Ukrayna əhalisinin 10 faizi ruslardan ibarət olub, bu kiçik faizlə onlar respublikanın Kommunist Partiyasının 53 faizini təşkil ediblər. Respublikanın əhalisinin 80 faizini təşkil edən ukraynalılar isə partiyada cəmisi 20 faizlə təmsil olunublar.
Mövcud dövrdə respublikanın ruslaşmasına kəskin etirazını bildirənlərdən biri Ukraynanın xalq maarif komissarı (təhsil naziri) Aleksandr Şumiski olub. O, hətta Mərkəzi Komitəyə bir neçə dəfə kəskin müraciətlə mövqeyini bildirdikdən sonra Stalinin qəbuluna da düşüb. Stalinin bu görüş haqqında yazdıqları onun 18 cildlik seçilmiş əsərlərinin 8-ci cildində aşağıdakı kimi verilib:
“Aleksandr Şumski ilə görüşdük. Söhbətimiz iki saatdan artıq davam etdi. Ukraynadakı vəziyyət onu qane etmirdi. O, narazılığını əsasən iki istiqamətdə bildirirdi. Onlardan biri ukraynalaşdırma siyasətinin Moskva tərəfindən məhdudlaşdırılması, ikincisi isə Ukraynada partiya və hökumət qurumlarında ukraynalıların daha çox təmsil olunması ilə bağlı idi…”
Stalin Şumskinin tələblərini təmkinlə dinləyib, bir sıra məsələlərdə onunla “razı” olduğunu da bildirib və qeyd edib ki, bu məsələlərin həllinə zaman lazımdır. Şumskinin Kaqanoviçin Ukrayna rəhbərliyindən uzaqlaşdırılması tələbinə isə Stalin heç bir reaksiya verməyib.
Milli məsələlərin hər an böyük problem yaradacağını yaxşı anlayan Stalin Şumskidən yaxa qurtarmaq üçün fərqli bir qərar verib. Kaqanoviçlə söhbətində Şumskinin “milli ünsür” adlandıran dövlət başçısı onun Ukraynadan uzaqlaşdırılmasını məqsədəuyğun sayıb.
Heç bir təzyiq və təhdid olmadan Aleksandr Şumski Leninqrada göndərilib və Engels adına Leninqrad Xalq Təsərrüfatı İnstitutuna rektor təyin olunub.
Fəaliyyətini Leninqradda davam etdirməsinə baxmayaraq Şumski Ukrayna ilə əlaqələrini kəsməyib. Ukraynanın milliləşməsi məsələsində fəal iştirakını dayandırmayıb. Bütün bunlar haqqında isə Stalin mütəmadi olaraq məlumatlandırılıb. Bir müddət “təmkin” nümayiş etdirən Stalin Şumskinin gizli fəaliyyət göstərən “Ukrayna hərbi təşkilatı”nın üzvü olmasını, onun işində fəal iştirak etməsini də biləndən sonra “QPU”-nun başçısı Vyaçeslav Menjinskiyə tapşırıq verib: “Aleksandr Şumski həbs edilməlidir…”
13 may 1933-cü ildə Şumski Leninqradda həbs olunub. 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən rektor Krasnoyarska sürgün edilib.
Sürgündə olarkən gizli yolla Ukraynaya göndərdiyi milli ideoloji yazılarına görə Şumskinin cəzası artırılıb. Onun cəzasının artırılması Ukraynada ziyalıların etirazına səbəb olub. Stalin bu etirazlara son qoymaq üçün Şumski ilə bağlı növbəti qərarını verib. Bu tapşırığı isə “NKVD” icra edib. Şumski cəzasının qalan hissəsini Saratovda keçirməsi üçün qatarla Krasnoyarskdan Saratova aparılanda “NKVD” əməkdaşları tərəfindən zəhərlənərək öldürülüb. Bu işin təşkilində Lazar Kaqanoviç və Nikita Xruşşov xüsusi fəallıq göstəriblər.
Qeyd edək Aleksandr Şumski 1890-cı ildə Jitomirdə anadan olub. Moskva Şəhər Xalq Universitetində ali təhsil alıb. Gənc yaşlarından inqilabi hərəkata qoşulub, bolşevik partiyasının üzvü olub. 1920-ci ildə Ukrayna Xarici İşlər Komissarlığında işləyən Şumski 1924-1927-ci illərdə Ukraynanın xalq maarif komissarı vəzifəsinə təyinat alıb.
Açıq fikirli, milli təfəkkürlü Şumski Moskvada keçirilən iclas və müşavirələrdə heç kimdən və heç nədən çəkinmədən Leninin vəfatından sonra Mərkəzi Komitənin milli məsələlər üzrə apardığı siyasəti sərt tənqid edib, müttəfiq respublikalarda qatı ruslaşma siyasətinin yolverilməz olduğunu bildirib.
1958-ci ildə Ukrayna ziyalılarının təşəbbüsü və təkidli müraciətlərindən sonra isə Aleksandr Şumski (ölümündən sonra) tam bəraət alıb.
İlham Cəmiloğlu