İldə 2000 manat müəllimləri kənddə saxlamağa yetəcəkmi?

İldə 2000 manat müəllimləri kənddə saxlamağa yetəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 2026-cı ildə maaşınıza əlavə olaraq ildə təxminən 2 min manat veriləcəyi açıqlanıb.

Qarlı yollar, odun dərdi və 2000 manatlıq ümid – kənd müəllimləri nə düşünür?

Sizcə bu məbləğ kənddə yaşam xərclərini qarşılamaq üçün yetərlidirmi?

Kənd yerlərində müəllimlər üçün əsas çətinlik nədir — yaşayış, sosial şərait, yoxsa məktəbin texniki təminatı?

Bu əlavələrdən sonra gənclərin kənd məktəblərinə marağı artacaqmı, yoxsa problem hələ də qalacaq?

Yol, kirayə və kommunal xərclər üçün nəzərdə tutulan vəsait sizə nə dərəcədə real kömək olacaq?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən Xaçmaz rayonunun kənd məktəbində müəllim işləyən Nərmin Həsənova suallarımızı cavablayıb.

N. Həsənovanın sözlərinə görə, ildə verilən 2000 manat aylıqmı, yoxsa, birdəfəlik ödəniş olacağı barədə məlumatım yoxdur. Əgər birdəfəlik ödəniş olacaqsa, xeyr, xərcləri qarşılamayacaq. Amma hər ay üçün nəzərdə tutulursa, bu olduqca sevindirici bir haldır. Belə olan halda, müəllimlər xərclərin demək olar ki, əksəriyyətini qarşılaya bilər.

Müəllimə kənd məktəblərində çalışan müəllimlərin fərqli şərait və mühitdə olduğunu qeyd edərək deyib:

“Elə müəllim tanıyıram ki, o, məktəbə getmək üçün qarlı yollar keçir. O kənddən bu kəndə gəlir. Onun yaşam şəraiti ilə adi kəndlərdə olan müəllimin komfortu eyni deyil. O müəllim yanacaq, odun əldə etməlidir. Bu dağlıq kəndlərdəki müəllimlərə aiddir. Aranda yaşayanlar üçün aylıq bu qədər məbləğ kifayət edəcək. Sosial şərait düzəldikdən sonra müəllimin işə motivasiyası da yüksək olacaq. Müəllim kirayə haqqı dərdi çəkməmiş olacaq”.

Gənclərin kənd məktəbinə marağının artmasından bəhs edən müəllim bildirib:

“Pul ən böyük motivasiyadır. Pulun, dəyərin, qiymətin çox olduğu yerdə hamı olmaq istəyər. Əgər bu həqiqətən də il ərzində tətbiq olunacaq bir ödənişdirsə, burada maraq artacaq. Buna inanıram”.

“Əgər bu ödəniş ildə bir dəfə üçün nəzərdə tutulubsa, müəllim onu aylara bölməlidir. Müəllim O pulu yalıq xərclərinə çatdırmağa çalışacaq. Müəyyən mənada kömək olacaq. Dağ kəndlərində və aran kəndlərdə yaşayan müəllimləri nəzərə alsaq, yenə deyirəm hər ikisinin həyat şəraiti fərqlidir. Qış vaxtı bəzi kəndlərdə hava şəraiti kəskin soyuq olur. Orada istiliyin təminatı üçün müəyyən məbləğ tələb olunur. Bunu təmin etmək üçün yenə də bu məbləğin müsbət təsir edəcəyinə inanıram”.

Öz praktikasından yola çıxan Nərmin Həsənova sonda vurğulayıb:

“Mən artıq kənddə yaşamıram. Yaşadığım dövrdə də bu xərclər çox aşağı olub. Həmin müddətdə, 2015-2017-ci illərdə vəziyyət indiki qədər çətin deyildi. Xərclər fərqli idi”.

Dəniz Pənahova