Qış fəsli dedikdə əksəriyyətimizin ağlına soyuqdan, şaxtadan daha çox qar gəlir. Hər kəs səbrsizliklə qarın yağacağı günləri gözləyir, qarda gəzmək, oynamaq istəyir. Qarın yağması xüsusilə sağlamlıq, həmçinin ətraf mühit baxımdan, eləcə də su ehtiyatlarının artması istiqamətində mühümdür. Bununla belə qarın da tədbirlər görülməzsə, yarada biləcəyi xoşagəlməz mənzərələr var. Əsasən də qar yol hərəkəti iştirakçıları üçün çətin vəziyyətlər yaradır. Amma görülən müəyyən tədbirlər nəticəsində bunu minimuma endirmək mümkündür.
Hüquqşünas Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında görülməli olan tədbirlər və zərərin minumuma endirilməsi barədə fikirlərini bölüşüb.
O bildirib ki, qarın yağmasına insanlar, xüsusilə də şəhər təsərrüfatı hazır olmalıdır: “Burada əsas məsələ qar yağanda həyata keçirilməli olan tədbirlərdir. Məsələn, qar yağması o demək deyil ki, bütün yollara duz səpilməlidir. Bəzən bunlara ehtiyac olmur. Dünyanın bəzi ölkələri var ki, qış boyu qar yağır, lakin xüsusi buzlaşma əleyhinə vasitələrdən istifadə edilmir. Çünki bu, artıq insanların həyat tərzinə çevrilib. Amma bizdə qar nadir hallarda yağdığı üçün dərhal buzlaşma əleyhinə tədbirlər görülür ki, bu da başadüşüləndir və bizim iqlimimiz fərqlidir”.
Ə. Hüseynov qeyd edib ki, qar yağanda əsas məsələ onu təmizləməkdir: “Yağıntılar çox olarsa, yollar mütləq şəkildə təmizlənməlidir. Yollar dedikdə, nəqliyyatın hərəkət etdiyi əsas magistrallar və səkilər nəzərdə tutulur. Bu, müxtəlif üsullarla həyata keçirilə bilər. Yəni burada xüsusi texnika və müəyyən yerlərdə əl əməyindən istifadə nəzərdə tutulur. Ancaq nəqliyyatın hərəkət etdiyi əsas yollar məhz xüsusi texnikalarla təmizlənməlidir. Lakin bu yalnız Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin işi deyil. Təbii ki, onlar müvafiq texnikaları səfərbər edirlər. Amma Bakı şəhərinin bütün küçə və prospektləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Hər bir yol idarəsinin texnikaları da var və bu texnikalar da səfərbər olunmalıdır ki, yollar təmizlənsin”.
Hüquqşünas diqqətə çatdırıb ki, ciddi buzlaşma olan yerlərdə qum və duz səpməklə tədbirlər görmək olar: “Dünyanın bəzi ölkələrində kimyəvi məhlullardan da istifadə edilir. Ancaq ətraf mühitə ziyan verdiyi üçün artıq bundan istifadə azalıb. Hər halda, buzlaşma əleyhinə tədbirlər ən vacib istiqamətlərdə görülməlidir. Əsasən magistral küçələr, prospektlər, nəqliyyatın daha çox hərəkət etdiyi yerlər ilk növbədə təmizlənməlidir. Eyni zamanda, səkilərdə də növbəli şəkildə buzlaşmaya qarşı tədbirlərin görülməsi vacibdir”.
İnsanların da qar yağan zaman diqqətli olması məsələsinə toxunan Ə. Hüseynov vurğulayıb ki, sakinlər ehtiyac yaranmadığı təqdirdə fərdi avtomobildən istifadə etməməlidirlər: “Belə hallarda ictimai nəqliyyatdan istifadə etmək daha məqsədəuyğundur. Bunun üçün ictimai nəqliyyat tam qüvvəsi ilə səfərbər olmalıdır. Xəttə kifayət qədər avtobuslar buraxılmalı, sürücülər təhlükəsizlik tədbirləri barədə məlumatlandırılmalı, təlim keçməli, avtobusların qara uyğunluq səviyyəsi diqqətlə yoxlanmalıdır.
Fərdi nəqliyyat vasitələrindən istifadə edənlər də bu məsələdə eyni həssaslığı nümayiş etdirməlidir. Mümkün qədər istifadədən yayınmaları, ictimai nəqliyyata üstünlük vermələri yaxşı olar. Lakin istifadə zəruridirsə, o zaman sürücünün mütləq qış şəraitində sürmə vərdişləri olmalıdır. Əgər belə vərdişlər yoxdursa, ümumiyyətlə, yola çıxmamaq yaxşıdır. Çünki bu, həm özünə, həm də başqalarına problem yarada bilər.
Bundan əlavə, avtomobillərdə qış təkərləri mütləq olmalıdır. Bizdə qar çox qalın olmadığı üçün zəncirlərdən istifadəyə ehtiyac olmaya bilər, lakin polimer materiallardan hazırlanmış xüsusi qurğulardan istifadə etmək mümkündür. Şəraitə uyğun davranmaq, sərt hərəkətlərdən çəkinmək, ara məsafəsini böyük saxlamaq, minimal sürətlə hərəkət etmək vacibdir. Nəzərə almaq lazımdır ki, buzlaşma ilk növbədə körpülərdə olur. Buna da səbəb onların altının boş olması, yəni yerin hərarətinin mövcud olmamasıdır”.