Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu invertarların satın alınması ilə bağlı tenderə yekun vurub
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Qardaşlar Mebel” QSC seçilib.
İnstitut sözügedən şirkətdən 52 545,4 AZN-lik invertar alacaq. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 4 856 AZN azdır.
İnvertarlara müxtəlif rəflər, çalışma masası, yan masa, İSO dəri, İSO parça, toplantı masası və kreslo daxildir.
Açıq mənbələrdə qeyd olunan məlumata görə, “Qardaşlar Mebel” şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100 faizlik səhm paketi ilə Mirəzyev Əli Məmməd oğludur. QSC-nin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir. Nizamnamə kapitalı 3 050 manat olan şirkətin hüquqi ünvanı kimi Binəqədi rayonu, Biləcəri Yeni Yaşayış Massivi, ev 37 göstərilir.
Mediada gedən məlumatlara görə, 2018-ci Əli Mirzəyev barəsində cinayət işi açılıb. İş adamı dələduzluqda ittiham olunub. Bu məlumatın təkzib edilməsinə dair heç bir qeydə rast gəlinmir. İşin nəticəsi haqqında da açıq mənbələrdə məlumat yoxdur.
Media həmçinin yazır ki, Əli Mirzəyev “Nömrə -1” Tədris Mərkəzi, “Tarqovı”da yerləşən “Coffeaphore” kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mebel fabrikinin sahibidir.
“Qardaşlar Mebel” QSC 2025-ci ilin 9 ayı ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi 14 tenderin qalibi olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 746 241,59 AZN-dir.
Azərbaycanda başqa mebel şirkətləri də var. Lakin nədənsə satınalma müsabiqələrində əsasən “Qardaşlar Mebel” qalib elan edilir. Bunun sirri hələ ki, çözülməyib.