“Qurbanla söhbətlərimizdə bu oyuna nə qədər ciddi hazırlaşdığlarını bilirəm. Düşünürəm ki, yaxşı nəticə ilə dönərik”.
Bunu “İdman Bizdə” verilişinin qonağı olan veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.
59 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer” səfərində gözləntilərindən danışıb.
O, qardaşının əsas narahatlığını dilə gətirib: “Qarabağ” yola düşməmişdən əvvəl qardaşımla görüşdük. Oyun haqqında xeyli söhbət etdik. Narahatlıq çoxdur. Bu məsuliyyəti dərindən hiss edir, insanların, azarkeşlərin, bütün Azərbaycanın gözləntilərini bilir. Ən çox da onu məsuliyyətli edən insanların inamıdır. Bu dəqiqə özümüz də içində olmaqla, görürük ki, hamı uğurlu nəticə gözləyir. Nə qədər ağır oyun olsa da, komandanın gücü barədə danışmağa ehtiyac yoxdur. Avropada öz adından söz etdirən bir klubdur.
Axır zamanlar ümumiyyətlə Avropa ölkələrinin diqqət mərkəzində olan bəlkə də 1-ci klubdur. Nə qədər optimist olsaq da, bir az realist olmaq lazımdır. Rəqibin gücünü hamımız bilirik. Nə qədər uğurlu nəticə gözləsək də, əksinə də hazır olmaq lazımdır. Amma düşünürəm ki, onlara qarşı Bakıdakı və ya Portuqaliyada “Braqa” ilə görüşdəki kimi oynasalar, yaxşı nəticə gözləyə bilərik”.
Qeyd edək ki, “Qarabağ”ın “Bay Arena”da “Bayer”in qonağı olacağı matç bu gecə saat 00:00-da başlayacaq.