Qaradağ rayonu paytaxtın ən iri ərazilərindən olsa da, burada baş verən qanunsuzluqlar illərdir qarşısı alınmadan davam edir. Vətəndaş şikayətləri artır, narazılıqlar çoxalır, amma bunların heç biri Qaradağda icra hakimiyyətinin “görmədiyi” və ya “xəbəri olmayan” qanunsuz tikililərə təsir etmir.
Səkilər, yol kənarları, hətta binaların alt hissələri belə satılaraq zəbt edilir, qanunsuz tikinti işləri aparılır. Rayon icra hakimiyyətinin fəaliyyətsizliyi fonunda isə vəziyyət günü-gündən daha da pisləşir.
Tribunainfo.az xəbər verir ki, 2010-cu ilin mart ayında Süleyman Mikayılov Qaradağ rayonuna başçı təyin ediləndə gözləntilər böyük idi. Sakinlər hesab edirdi ki, rayonun qara günləri geridə qalacaq. Amma əksinə oldu. Gözləntilər özünü doğrultmadı: Qaradağda yollar, səkilər, parklar salınmaq və genişləndirilmək əvəzinə ərazilər zəbt edildi, səkilər satıldı, ağaclar məhv edilərək yerində obyektlər inşa olundu, yaşayış binalarının alt hissələri işbazlara icarəyə verilərək kafe-restoranlara çevrildi.
Bütün bu qanunsuzluqlar açıq-aşkar aparılsa da, təəssüf ki, icra hakimiyyətinin başçısı və digər səlahiyyətlilər bu qanunsuz zəbt proseslərini görmədi. Məsələn, hazırda Qaradağın Lökbatan qəsəbəsində, günün günorta çağı, yol kənarında, yaşayış binasının altında böyük bir obyekt inşa edilir. Tikintinin böyük hissəsi artıq başa çatıb. Divar hörülüb, pəncərələr qoyulub. Bir müddət sonra obyekt fəaliyyətə də başlayacaq. Ancaq Qaradağ İcra Hakimiyyətinin bundan “xəbəri yoxdur”.
Sakinlərin sözlərinə görə, bu tikilinin yerləşdiyi yerdə əvvəllər ağaclar olub:
“O ağaclar gecə ilə kəsilərək məhv edildi. Sonradan əraziyə tikinti materialları tökdülər. Biz ilk gündən narazılığımızı bildirdik. Ancaq kim baxır ki, sakinlərin sözünə? Bir-iki gün fasilə verib davam edirlər. Bunun da yarısını gecə, yarısını gündüz tikib hazır etdilər. Həm yaşayış binasının altı zəbt edilib, həm yol, həm də səki daraldılıb. Sabah bu tikilinin qarşısında avtomobillər saxlayanda biz gərək yolun ortası ilə hərəkət edək. Camaata başqa çarə buraxmırlar.”
Maraqlısı həm də odur ki, bu, Qaradağ rayonunda baş verən ilk özbaşınalıq deyil. Bir müddət əvvəl də rayonun Sahil qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində piyada səkisinin tamamilə sökülməsi hesabına obyekt inşa edilmişdi.
Həmçinin Lökbatan qəsəbəsi, Bakı prospektində hündürmərtəbəli binaların alt hissəsi də obyektlərə çevrilmişdi. Tikinti zamanı binanın ana divarlarının sökülməsi təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır. Halbuki Türkiyədəki dağıdıcı zəlzələdən sonra ölkəmizdə belə hallara qadağa qoyulmuşdu. Hətta Prezident bununla bağlı sərt xəbərdarlıq da etmişdi. Ancaq Qaradağda nə bu qaydalara əməl edildi, nə də Prezidentin dediklərinə.
Qaradağda qanun pozuntuları bunlarla bitmir. Qobu qəsəbəsi, Mərkəzi küçədə də yol kənarı hasarlanaraq tikinti sahəsinə çevrilib. Piyada keçidləri bağlanıb, küçənin mənzərəsi “dəmir konstruksiyalar”la örtülüb.
Bu tikintilərə kim icazə verib, necə icazə alınıb — məlum deyil.
Prezident İlham Əliyev illər əvvəl rayon icra başçılarına açıq xəbərdarlıq edərək, məmurların ictimai əraziləri, boş torpaq sahələrini satmasından danışmışdı. Görünür, Qaradağ rayon rəhbərliyi ya hesab edir ki, həmin xəbərdarlığın vaxtı keçib, ya da hazırda korrupsiya ittihamı ilə həbsdə olan həmkarlarının aqibətindən nəticə çıxarmaq istəmir.
Bu gün Bakıda hansısa rayonda icra hakimiyyətindən icazəsiz bir mismar belə vurmaq mümkün deyil. Əgər Qaradağda bu qədər obyekt səkilərin, yol kənarlarının və binaların alt hissələrinin hesabına yaranıbsa, deməli, ya bu icazələr qanunsuz verilib, ya da ümumiyyətlə verilməyib, amma icra hakimiyyəti buna göz yumub.
Məsələ ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsindən Tribunainfo.az-a sözügedən tikili ilə bağlı açıqlama verilib. Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsində yerləşən ünvana dair müraciətə baxılıb:
“Şəhərsalma monitorinqinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, qeyd olunan obyekt qanunsuz tikilidir.
Tədbirlərin görülməsi məqsədilə müvafiq məktublar aidiyyəti üzrə qurumlara göndərilmişdir”
Gülşən Rəsul