İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan ədəbiyyatının parlaq klassikləri hesab olunan Süleyman Sani Axundovun və Abdulla Şaiqin “Qaraca qız” əsəri əsasında hazırlananan eyniadlı tamaşanın premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə ötən gün ilk dəfə tamaşaçılara təqdim olunan sənhə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rejissor asissentləri Sona Mikayılova, Gülnar Əlövsətqızı, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı isə İradə Muradovadır.
Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.
Səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrıseçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır, ancaq hadisələrin cərəyanı nəticəsində o, qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf Tutunu varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırır. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.