Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı (VİDEO)

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq, tibb elmləri doktoru, professor Yaşar Cəlilovla dost olduğunu demişdi.
Erməni AzTV-nin müxbirinə danışarkən özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləmişdi.
Ölkə.Az erməni sakinin açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.
– Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu?
– Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq.
– Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?
– Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salam-sağolumuz var idi, amma o qədər də yaxından tanış deyildik. İntəhası tutalım ki, dövlətin xatirinə onunla telefon danışığı lazımdırsa, imtina eləmirəm.
– Dediniz, salam-sağolumuz var idi. Həmin onkoloq necə biri idi?
– Bilirsən, qızım, o vaxtı işləyəndə – 1983-cü ilə qədər sakitçilik idi. Hamı bir-birinə yaxşı, yoldaş münasibətdə idi. Toya da gedirdik, yasa da gedirdik. Çörək də yeyirdik. Sonra 1983-cü ildən Zori Balayan ora gəldi və təbliğat apararaq camaatın başını xarab etməyə başladı. O vilayət xəstəxanasında biz 2 nəfər azərbaycanlı idik. Bir baş həkimin müavini var idi, Əjdər həkim, bir də mən. O da həmin hadisələrdən sonra çıxdı gəldi Ağsuda bacısıgildə yaşadı, sonra da rəhmətə getdi. İclasların birindən sonra Əjdər müəllimin yanına getdim, dedim: “Əjdər, bu köpəkoğlu kimdirsə, gəlib burada aləmi qarışdırır”. Biz o vaxtı erməni dilində bilirdik. Rəhmətliklə məsləhətləşdik. Bildim ki, xəbər Xankəndidən keçməyib, durdum getdim Ağdama. Ağdamdan o vaxtı respublika kommunist partiyasının birinci katibi Kamran Bağırovun adına teleqram vurdum ki, burada ciddi təbliğat gedir, milli münaqişə yaranacaq, bununla bağlı ölçü götürün. Qayıtdım gəldim, haradasa 10 gündən sonra mənlə Əjdər müəllimi vilayət partiya komitəsinin üçüncü katibi Mkrtçyanın yanına çağırdılar. Teleqram onun qarşısında idi. Dedi ki, sən niyə belə şeylər yazmısan? Dedi ki, bu bizim xalq şairimizdir. Dedim, nə şair, gəlib danışır ki, Bərdə ikinci erməni imperiyasının paytaxtı olub. Sual verdim ki, bu şeirdir? Nəysə, orada katiblə möhkəm danışdıq. Sonra bizə hədə-qorxu gəldi ki, sizi buradan çıxararıq, qovarıq və s. Amma biz yenə dayanmadıq, Bakıya yenə xəbərdarlıq etdik, amma reaksiya gəlmədi. Ondan sonra bunlar yavaş-yavaş dəyişdi və 1987-88-ci illərdə birinci mənim evimi dağıtdılar. Sonra da çıxdım gəldim.
– Oradakı evinizdən məlumatınız varmı?
– Bu dəqiqə Xankəndinin mərkəzində durur. Qoymadılar onu dəyişəndə… Moskvanın prokurorluğundan adamlar gəlmişdilər. Onlar mənə “spravka” verdilər ki, Yaşar Cəlilovun evinə 22 və ya 23 min rubl ziyan dəyib. O “spravka” və order hələ də məndə durur. Allah cənab Prezidentimizə cansağlılığı versin, vaxtı gələndə gedib Xankəndidəki evimdə oturmaq fikrim var.
– Çox adam o vaxt Qarabağdan çıxanda evinin açarlarını da özü ilə götürmüşdü. Sizin də açarlarınız dururmu?
– Yox, qızım, o açarlar indi məndə deyil. Ona görə ki, oradan sonra Şuşaya gəldim. Şuşada problemlər oldu, Füzuliyə gəldim. Açarlar Füzulidəki evdə idi. Füzuli də işğal olundu. Açarlar orada qaldı.
– Dediniz ki, erməni dili bilirdiniz. İndi yadınızda qalıbmı?
– Yadımda çox az qalıb. Çünki Qarabağ ləhcəsini bilirdim. İndi 30 il keçib, yadımdan çıxıb sözlər. Bəzi sözləri, cümlələri bilirəm, amma indi onlarla danışmaq imkanım yoxdur.
– Yaşar bəy, ölkəmizdə erməni dilini bilən həkim yəqin ki, çox az sayda tapılar. Ehtiyac yaranarsa, Qarabağın erməni sakinlərinə həkim kimi köməklik göstərərsinizmi?
– Yaşım çoxdur. 70 yaşında gedib orada neyləyim? Şəkər xəstəsiyəm. Orada işləmək üçün çox yaşlıyam. Əlbəttə, əmin-amanlıq olsun hökumət evimi geri versə, gedib orada qalmağı çox istəyərəm. Amma daimi orada yaşamağa imkan yoxdur.
– Sizə “dostum” deyən erməni sakin Nazim Allahverdiyev adlı başqa bir həkimdən də bəhs etmişdi. Onu tanıyırsınızmı?
– Nazim Şuşanın cərrahı idi. O, uzun müddət Ələt hospitalında cərrahiyə şöbəsinin müdiri olub. Deyəsən, indi təqaüddədir. Bakıdan kənarda evi var, orada yaşayır.
– O hadisələrin içində olan biri kimi birgəyaşayışa necə baxırsınız?
– Yaxşı baxıram.