Qarabağ bölgəsində bir çox ərazilərdə antiterror tədbirləri ilə bağlı ötən ayın 19-dan internetə və mobil rabitəyə tətbiq edilən məhdudiyyət indiyədək aradan qaldırılmayıb.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, indiki anda vətəndaşlarımız üçün informasiya əlçatanlığı daha da gücləndirmək faydalı olardı:
“Hazırda ölkədə çox ciddi proseslər gedir. Uzun illər Azərbaycana və vətəndaşlarımıza qarşı terrorçuluq və separatçılıq edənləri hökumət bir-bir məsuliyyətə cəlb edir. Ölkə və cəmiyyət 35 il arzusunda olduğu hadisələrə şahidlik edir. Məhz indiki məqamda vətəndaşların hökumətin bu istiqamətdəki fəaliyyəti haqqıda, nələrin baş verdiyi haqqında daha çevik və effektiv məlumat alması, informasiya münasibətlərində iştirak etməsi faydalı və zərurudir.
Maraqlıdır ki, belə bir məqamda vətəndaşlarımız Qarabağ bölgəsində bir çox ərazilərdə antiterror əməliyyatları ilə bağlı ötən ayın 19-dan internetə və mobil rabitəyə tətbiq edilən məhdudiyyətin indiyədək aradan qaldırılmadığını bildirirlər.
Artıq antiterror əməliyyatları başa çatıb. İndiki məqamda hökumətin bu istiqamətdə məhdudiyyətləri aradan qaldırması, vətəndaşların ictimai informasiyalara əlçatanlığı təmin etməsi daha faydalı və ağlabatan olardı”.