“Qarabağda bizim kontingentə ehtiyac var…” – Mixail Qaluzin

“Qarabağda bizim kontingentə ehtiyac var…” – Mixail Qaluzin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN “sülhməramlıların” Qarabağdan çıxmağa tələsmədiyinə eyham vurur

Məlum olduğu kimi, son günlər Rusiya “sülhməramlıları”nın Qarabağdakı bir neçə məntəqəsinin ləğv olunması, bundan öncə isə Rusiya Müdafiə Nazirliyi təmsilçilərinin İrəvana səfəri və səfər zamanı öz hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı danışıqalr aparmasına dair məlumatlar Rusioya hərbi kontingentinin yaxın zamanda torpaqlarımızı tərk edəcəyinə dair təsəvvür yaradıb. Lakin bu prosesin tezliklə baş verməyəcəyinin siqnalları gəlməkdədir.

Tribunainfo.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Qarabağdakı Rusiya hərbi kontingentinə “böyük tələbat qaldığını” bildirib. Qaluzin “RBK”-ya müsahibəsində deyib ki, Azərbaycanla Ermənistan arasında münaqişə hələ bitməyib, sülh müqaviləsi bağlanmayıb, sərhədlər müəyyənləşdirilməyib.

Qarabağın özündə isə hələ ermənilərin gələcək taleyi ilə bağlı müəyyən işlər aparılmalıdır: “Yerdəki vəziyyət kifayət qədər hərəkətlidir. Təəssüf ki, Qarabağın əksər sakinləri bu yerləri tərk etmək barədə özləri üçün ağır olan qərar qəbul etdilər. Ancaq eyni zamanda, fikrimcə Rusiya sülhməramlı kontingentinin missiyasına tələbat yüksəkdir”.

Qaluzin deyib ki, hazırda Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycan arasında danışıqlar Rusiya hərbi kontingenti vasitəsilə aparılır. O, eyni zamanda bildirib ki, Qarabağı tərk edən ermənilərin bir qisminin geri qayıtması ehtimalı qalır və bu, baş verəcəyi halda, “sülhməramlılar” onların təhlükəsizliyi ilə bağlı məsələləri həll edəcəklər.

Bir tərəfdən Qarabağda erməni qalmadığını, digər yandan isə “erməni nümayəndələrlə” Azərbaycan arasında danışıqlar aparılması və bu sahədə vasitəçiliyə ehtiyac olduğunu demək kifayət qədər ziddiyyətli yanaşmadır. Azərbaycan Qarabağda yaşamaq istəyən ermənilərlə bağlı şərtlərini və mövqeyini açıqlayıb. Azərbaycanın daxili işi olan bu prosesdə hansısa vasitəçiyə ehtiyac qalmır. Ancaq belə görünür ki, Rusiya saman çöpündən yapışırmış kimi, müxtəlif bəhanələrlə son ana qədər öz hərbi kontingentini torpaqlarımızda saxlamağa çalışır…