Sosioloq Elçin Bayramlı sosial şəbəkə hesabında qeyd edib ki, Qarabağa getmək üçün xüsusi icazə almaq lazımdır. Bəli, doğrudur, amma bu sistemdə çoxsaylı əməliyyatları yerinə yetirdikdən sonra sonda daha bir sürpriz qarşınıza çıxır. Sizdən VÖEN-ə malik olmağınız tələb olunur. Yəni, yalnız sahibkarlar, biznesmenlər üçün icazə verilir.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib ki, Qarabağın artıq işğaldan azad olunmasının 5 illiyinə az bir zaman qalıb. Təəssüflər olsun ki, bu müddət ərzində hələ də Azərbaycan insanının azad edilmiş torpaqlarımıza gedişi ciddi şəkildə problemlərlə üz-üzədir.
Cavanşir Abbaslının sözlərinə görə, sahibkarların, iş adamlarının, biznesmenlərin gedişləri daha çox sadələşdirilir. Əslində o yerlərə daha çox sadə vətəndaşlar böyük ruhla getməlidir. Ən əsası canlarını o yerlər uğrunda fəda edən şəhidlərimizin yaxınları getməlidir. Eləcə də qazilərimiz getməlidir. Bir faiz belə torpaqlarımızın azad edilməsində əməyi olan şəxslər o yerlərə gedişinə əngəllər yaradılmamalıdır. Təbii həmin ərazilərdə mina ucbatından portal deyilən vasitəni elə çətinləşdiriblər ki, digər şəxslərin gedişləri də problem yaranır. Gedən insanlar da qiymətlərin baha olmasına görə çox qala bilmirlər. Xankəndi və Şuşada qiymətlər o həddə çatıb ki, vətəndaşlar orda bir gün gecələyə bilmir. Uzun yol qət edərək gedib qayıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti bununla bağlı müəyyən tədbirlər görməlidir. Orada artırılan süni qiymət artımının qarşısı alınmalıdır. Hər kəs orda öz kefi ilə qiymət tərtib edir. Nəticədə bahaçılıq kütləvi hal alıb. Orada məskunlaşan sakinlər arasında da evlərin yüksək məbləğdə kirayə verilməsi ilə bağlı problemlər də mövcuddur. Bu məsələ ilə bağlı da ciddi tədbirlər görülməlidir. Laçında bir gecəlik otağı 120 manata, 1 həftəliyi 800 manata verirlər. Bu da oranı görmək istəyənlərin ruh yüksəkliyinə mənfi təsir edir.
Məsələ ilə bağlı belə bir fakt yoxdur. Hər bir vətəndaş portalda qeydiyyatdan keçərək gedə bilər. Gedənlərin sadəcə biznesmenlər olması ilə bağlı yayılan məlumat dezinformasiyadır.
Dəniz Pənahova