Yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Tramp and içərək vəzifə səlahiyyətlərinə başlayacaq.
Yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Tramp and içərək vəzifə səlahiyyətlərinə başlayacaq.
Yeni prezidentin xarici siyasətinin necə olacağı hələ də müzakirə mövzusudur. Trampın Dağlıq Qarabağ münaqişəsinə necə yanaşacağı, münaqişənin həllində təşəbbüsü tamamilə Moskvaya verib-verməyəcəyi də açıq qalan məsələlərdəndir.
TİA.AZ xəbər verir ki, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Trampın Qarabağ münaqişəsinin nizamlanmasını tamamilə Rusiyanın öhdəsinə buracağını hesab edir: “Tramp Amerika daxilindəki məsələlələrə diqqət ayıracaq, xaricdə də kritik əhəmiyyətə malik olmayan məsələlərə diqqəti azaldacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də ABŞ üçün həyati əhəmiyyətə malik deyil. Bu baxımdan, Tramp Cənubi Qafqazdakı problemlərin həllini Rusiyaya etibar edəcək, həmçinin, Qarabağ məsələsində təşəbbüsü Moskvaya ötürəcək”.
Rusiyalı politoloqun fikrincə, Trampın Azərbaycanla bağlı siyasəti Obamadan fərqli olaraq müsbət olacaq.
“Çünki o, ənənəvi iqtisadi sahələrə, xüsusilə neft-qaz sektoruna böyük əhəmiyyət verir. Azərbaycanda bu sektor inkişaf edib. Bu baxımdan, Obamanın dövründən fərqli olaraq, Trampın prezidentliyi müddətində Azərbaycanın ABŞ-dakı mövqeləri daha güclü olacaq”, – deyə o bildirib.
Markov, həmçinin hesab edir ki, Trampın dövründə ABŞ-ın Bakının daxili işlərinə qarışması azalacaq.
Digər rusiyalı politoloq Qriqori Trofimçuk isə hesab edir ki, Tramp dünyadakı münaqişələrə, həmçinin, Dağlıq Qarabağ məsələsinə diqqət ayırcaq: “Hesab etmirəm ki, Tramp Qarabağ münaqişəsində təşəbbüsü başqasına versin. Əksinə, o, bu məsələdə ABŞ-ın mövqeyini gücləndirəcək. Bundan başqa, düşünürəm ki, Tramp Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tamamilə fərqli, indiyə qədərki təkliflərdən kardinal şəkildə seçilən yeni sxem təklif edə bilər”.
Onun sözlərinə görə, Vaşinqton Moskva ilə prinsipial məsələlərdə razılığa gəlməsə, o zaman Amerika kiçik məsələlərə diqqətini yönəldəcək və Rusiya maraqlarının üzərində keçərək, qərarlar verəcək.
“Hazırda Tramp Moskvanı yoxlayır, xüsusilə nüvə silahının məhdudlaşdırılması məsələsini test edir. Əgər Vaşinqton görsə ki, Moskva onunla razılaşmağa hazır deyil və müxtəlif addımlar atır, onda daha sərt və təcavüzkar xətt seçəcək. Bu, Dağlıq Qarabağ münaqişəsinə də daxildir. Bundan başqa, Dağlıq Qarabağ məsələsi birbaşa Türkiyəyə də bağlıdır. Ankara 15 iyul dövlət çevrilişinə cəhddən sonra regional məsələlərə təsirini gücləndirmək xəttini seçib. Xüsusilə, Cənubi Qafqazda öz xəttini aparmağa çalışır. Bütün bunlar Amerikada izlənilir və Vaşinqtonun yeni administrasiyası Cənubi Qafqaz üzrə öz mövqeyini formalaşdırır. Fikrimcə, ABŞ Dağlıq Qarabağ məsələsində fəallaşana kimi, Rusiya regionda təşşəbbüsü qəti şəkildə ələ almalıdır”, – deyə o bildirib.