backend

“Qarabağ tarixi” niyə ayrıca tədris edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sonuncu iclasında millət vəkilləri məktəblərdə səkkizinci sinifdə “Qarabağ tarixi”nin “Azərbaycan tarixi” dərslərindən əlavə tədris edilməsinə etirazlarını bildirdi. 

Milli Məclisin sonuncu iclasında millət vəkilləri məktəblərdə səkkizinci sinifdə “Qarabağ tarixi”nin “Azərbaycan tarixi” dərslərindən əlavə tədris edilməsinə etirazlarını bildirdi.


Məsələni, ilk qaldıran millət vəkili Siyavuş Novruzov xüsusən, rus bölməsində Qarabağın tarixinin ayrıca tədrisindən narahat olduğunu və bunun başqa məqsədlərlə istifadə edilə biləcəyini bildirdi.

Millət vəkili Yaqub Mahmudov və spiker Oqtay Əsədov da onun fikirlərini dəstəklədi. Onlar təcili məsələyə aydınlıq gətirilməsini tələb etdilər. Təhsil Nazirliyinin cavabı da gecikmədi. Nazirliyin açıqlamasında bu, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi, şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri etməsi ilə əsaslandırıldı: “Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib”.

Biz isə məsələni tarixçilərlə araşdırdıq. Onlar “Qarabağ tarixi”nin ayrıca tədrisi haqqında nə düşünür?


Tarixçi-alim Kərəm Məmmədov hesab edir ki, Azərbaycan tarixi kompleks şəkildə öyrənilməlidir: “Bu Muğan, Dərbənd, İrəvan və s. bölgələrin tarixinin əlavə keçilməsi zərurəti yaradır. Bədxah qonşularımız da məhz bizdən bu cür addımlar gözləyir. Biz nə üçün Qarabağın Azərbaycanın bir hissəsi olduğuna and içərək inandırmalıyıq? Bu bölgənin tarixi “Azərbaycan tarixi” dərsliyinin tərkibində öyrənilməlidir. Sadəcə dərs saatları artırıla bilər. 6-cı sinif “Azərbaycan tarixi” Azıx mağarası ilə başlayır. Bu mağara Qarabağda deyilmi? Yaxud Tağlar mağarası, Xocalı-Dəgəbəy mədəniyyəti, 7-ci sinifdəki Sünik knyazlığı, 9-cu sinifdə Qarabağ xanlığının yaranması-bunlar Qarabağ demək deyilmi? Qarabağın Azərbaycana məxsusluğunu ayrıca qeyd etməkdənsə, hərbi hazırlıq dərslərinin sayını artırmaq, Qarabağın özünü azad etmək lazımdır. Onun tarixini ayrıca keçməklə sanki, Qarabağın Azərbaycandan ayrı olduğunu göstərməyə çalışırıq”.


Ümumtəhsil məktəblərində tarix fənnini tədris edən, ekspert Kamran Əsədov fənnin tədrisinə ehtiyac olmadığını düşünür. Onun sözlərinə görə, orta məktəblərin “Azərbaycan tarixi” dərsliklərində bütün bölgələr, həmçinin Qarabağın tarixinə ətraflı yer verilib: “Ayrıca olaraq “Qarabağ tarixi”nin keçilməsi məqsədəuyğun deyil. O zaman gərək İrəvan, Şəki, Naxçıvanın, Qubanın da tarixini ayrıca keçək. Bu da şagirdlərin əlavə informasiya ilə yüklənməsindən başqa bir şey deyil. Düşmənlərimizin bu dərsliyi Qarabağ tarixinin ayrıca fənn kimi tədrisini başqa məqsədlərlə istifadə edə bilər. Ayrıca fənn kimi tədris etməkdənsə, bəzi məlumatlar “Azərbaycan tarixi” dərsliklərinə əlavə edilə bilər”.

Ekspertin sözlərinə görə, şagirdlərin bu fənnə marağı olsa da, daha çox statistik məlumatlar yer aldığına görə sözügedən fənn yorucudur: “Bu dərsliyin tədrisi ilə Təhsil Nazirliyinin məqsədinin hər hansı regionu fərqləndirmək, regionçuluq yaratmaq olmadığı bəllidir. Məqsəd bu bölgənin tarixinin daha dərindən öyrədilməsidir. Lakin dərsliyə müraciət edəndə daha çox akademik səviyyədə hazırlandığını, orta məktəbin yaş xüsusiyyətinin nəzərə alınmadığını görəcəyik. Neçənci ildə Qarabağda nə qədər pambığın əkildiyini öyrətməkdənsə, Qarabağın məşhur şəxsləri barədə məlumat verilsə, daha yaxşı olardı. Statistik məlumatlar şagirdləri yorur. Mövzularda belə ziddiyyətli məqamlar da var. Məsələn qeyd olunur ki, “Qarabağ xalqı da İkinci Dünya Müharibəsində iştirak edib”. Bununla sanki Qarabağ əhalisi Azərbaycandan ayrı olması təsəvvürü yaradır”.


Tarix elmləri doktoru, millət vəkili Fəzail İbrahimli məsələyə iki fərqli prizmadan yanaşır. Onun sözlərinə görə, Qarabağın işğalını nəzərə aldıqda tədrisi müəyyən qədər real görünə bilər: “Lakin məsələyə daha geniş müstəvidə yanaşanda digər məqamları da görmək olar. Azərbaycanın həssas bölgələrinin tarixi böyük tədqiqat mövzusuna çevrilib. İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan tarixi öyrənilir. Qarabağ və İranla bağlı məsələlərə daha həssas yanaşmalıyıq. Qarabağın işğalı bu bölgənin tarixinin daha ətraflı öyrənilməsini aktual edib. Çünki Qarabağ həm də dövlətlərarası münasibətlərə çevrilib, regionda təsir gücünə malik olmaq üçün bir vasitəyə çevrilib, dünyanın 3 böyük dövlətin marağının toqquşduğu bir məsələyə çevrilib. Bu mənada bu regionun tarixinin öyrənilməsi zəruridir. Məktəblilərimiz Qarabağ təəssübkeşliyi ilə böyüməlidir. Siyavuş müəllim də Qarabağı Azərbaycanda ayırmaq olmaz düşüncəsi ilə məsələyə yanaşıb. Əks halda, kiminsə Qarabağ tarixinin tədrisinə qarşı çıxacağını düşünmürəm”.