“Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV turun oyununu keçirib.
“Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV turun oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi İspaniyada “Atletiko”nun qonağı olub.
Madriddəki “Metropolitano” stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə “Qarabağ”ın yarımmüdafiəçisi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib. Ağdam klubu fasiləyə öndə çıxıb.
İkinci hissədə “Atletiko” bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas Partey 56-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə endirib.
Bundan 3 dəqiqə sonra “Qarabağ” azlıqda qalıb. Pedro Enrike Dieqo Qodinin üzünə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Beləliklə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv “Atletiko” ilə Bakıdakı görüşdə olduğu kimi azlıqda qalıb. Bununla belə, meydan sahibləri də 88-ci dəqiqədə Stefan Saviçin qırmızı vərəqə alması səbəbindən görüşü 10 futbolçu ilə başa vurublar.
Beləliklə, “Qarabağ” “C” qrupunda xallarını 2-yə çatdırıb və 4-cü pillədə qalıb. “Atletiko” 3 xalla 3-cü pillədədir. Hər iki komanda Çempionlar Liqasında 1/8 finala vəsiqə şanslarını böyük ölçüdə əldən verib. Qrupa 8 xalla İtaliya “Roma”sı başçılıq edir. İngiltərənin “Çelsi” klubu isə 7 xalla 2-ci yerdə qərarlaşıb.