Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.
Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər. 17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.
İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər. Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib. Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0), “Araz-Naxçıvan” “Kəpəz”ə (2:1) səfərdə, “Qəbələ” “Zirə”yə (1:0) evdə qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada VI turun matçları 16-17 sentyabrda tarixlərində keçiriləcək.