Dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ məsələsindən danışaraq, separatçıların İrəvandakı nümayəndəliyi və qondarma “dqr”in qondarma “parlamenti” ilə Ermənistan Milli Assambleyası arasında “dostluq qrupu”nun ləğv edilməsini təklif edib. Tribunainfo.az xəbər verir ki, o, Ermənistan ərazisində Qarabağı təmsil edən heç bir nümayəndənin olmadığını bildirib.
Simonyanın sözlərinə görə, qondarma “dqr” elə Qarabağda rəhbər olmuş separatçılar tərəfindən fərmanla ləğv edilib. “Qarabağ elə onun rəhbərləri tərəfindən ləğv edilib. Dağlıq Qarabağ Respublikası yoxdur. Mövcud olmayan bir tərəflə necə danışıq apara bilərik? Onlarla hansı əməkdaşlıq edə bilərik? Mən bəzən müzakirə aparmaq üçün heç kimi tapa bilmirəm”.
Qeyd edək ki, Simonyanın bu açıqlaması Ermənistan müxalifətinin düşərgəsinə bomba kimi düşüb. Dünəndən ermənilər hay-küy salaraq, müxtəlif fikirlər irəli sürürlər.
Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanov deyib ki, hökumət Qarabağ nümayəndəliyinin binasını bağlamaq və ya ələ keçirmək istəyir. “Binanı alacaqlar. Onun yerində, ya Türkiyə və ya Azərbaycanın nümayəndəliyini açacaqlar, ya da Azərbaycanın SOCAR şirkətinə verəcəklər”.