“Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
“Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
Ötən gün yeni tikilib istifadəyə verilmiş Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıdan danışıb, bildirib ki, hal-hazırda yarışın keçirildiyi Uşaq-Gənclər Şahmat məktəbinin açılışında dekabır ayının 3-də cənab Prezident şəxsən iştirak edib.
“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Uşaq-Gənclər Şahmat məktəbinin direktoru Həsən Süleymanov və şahmat üzrə baş məşqçi Mətləb Qədirov idman sahəsində nailiyyətlərdən bəhs edərək keçirilən yarışda gənclərə uğurlar arzulayıblar.
Yarışda hər bir komandanın tərkibində 10 nəfər olmaqla 5 komanda iştirak edib. 50 şahmatçının mübarizə apardığı yarışın sonunda qalib “QARABAĞ” komandasının üzvləri kubok və sertifkatlarla təltif olunublar.