“Qarabağ” Bakı Olimpiya Stadionu (BOS) ilə tezliklə vidalaşacaq.
Azərbaycan çempionu avqustun 3-dən – “Rakuv”la Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasından sonra BOS-u tərk edəcək.
Bu haqda Ağdam klubundan redaksiyamıza məlumat verilib. Bildirilib ki, komanda avrokuboklarda növbəti ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Mərkəzi arena avqustun ikinci yarısınadək öz qapılarını azarkeşlərin üzünə açacaq.
Bir neçə ay öncə təmirə bağlanan idman qurğusunun qazonu dəyişdirilib. Stadionun ərazisində yeni texniki avadanlıqlar quraşdırılıb.
Həmçinin paltardəyişmə və hakimlər otaqları, yardımçı otaqlar əsaslı təmir olunub.
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə ev oyununu burada keçirəcək. Qarşılaşma oktyabrın 16-da Respublika stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.
Millimiz sonuncu dəfə 2017-ci il iyunun 11-də «Tofiq Bəhramov»da meydana çıxıb. DÇ-2018-in seçmə mərhələ oyunu çərçivəsində təşkil olunmuş matçda komanda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu.
Yığmanın mərkəzi arenaya dönüşü AFFA-nın baş katibi Sərxan Hacıyevin istəyidir. Ötən ilin mayından bu vəzifəni tutan Hacıyev gənclər və idman naziri Fərid Qayıbovla müvafiq danışıqlar aparıb.
Daha sonra SOCAR prosesə qoşulub. Nəticədə iki dövlət qurumu arasında əldə olunmuş anlaşmaya əsasən, Respublika stadionunda genişmiqyaslı təmir başlayıb.
Gənclər və İdman Nazirliyinin, o cümlədən, dövlət neft şirkətinin dəstəyi ilə ümumi dəyəri 1 milyon manatı ötən yenidənqurma layihəsi icra olunmaqdadır.
Ümumiyyətlə, millinin tək Avstriya ilə deyil, seçmə mərhələnin digər ev qarşılaşmaları da «Tofiq Bəhramov»da düzənlənəcək.
Sərxan Hacıyev ölkənin əsas komandasını sözügedən məkana qaytarmaqla, həm də azarkeş marağını nəzərə alıb.
Bura şəhərin mərkəzi sayıldığından, gözlənilir ki, yığma «Dalğa Arena»dakından fərqli olaraq, dolu tribunalar önündə meydana çıxacaq.