Subyektiv fikrimdir, komanda ötənilki oyununu göstərmir.
Bunu Report-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Təbriz Həsənov Ağdam təmsilçisinin UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Malmö” ilə Bakıda keçirilən matçı barədə danışarkən deyib.
O, komandadan əvvəlki oyunu görmədiyini söyləyib:
“Qarabağ” gözəl oyunu ilə bizi qələbələrə o qədər öyrəşdirib ki, bəlkə də komandadan çox şey gözləyirik. Ardıcıl uğursuzluqlar “Dinamo” ilə matçdan sonra başladı. Halbuki ildən-ilə daha yaxşı olacağını düşünürdüm. Ötənilki təcrübələr daha faydalı olmalı idi. “Malmö” ilə matçın hesabını bir kənara qoyaq. Əvvəllər rəqibi meydanın özünə aid hissəsindən çıxmağa qoymayan, hücumda hər zaman pressinq edən “Qarabağ”ı indi görmürük. Sanki bu dəfə İsveç komandası diqtə edirdi. Yəqin ki, baş məşqçi və köməkçiləri bir qərar verəcəklər. Əfsuslar olsun ki, nə gözlədiyimiz oyunu, nə də hesabı gördük”.
Hazırda “Sabah” klubunda koordinator kimi fəaliyyət göstərən T.Həsənov oktyabrın 24-də “Ayaks”la (Niderland) Bakıda keçiriləcək III turun oyunu barədə də danışıb:
“Ayaks” “Malmö”dən daha sürətli komandadır. “Qarabağ”a çətin olacaq. Ümidvaram ki, Qurban Qurbanov başda olmaqla komanda çətin durumdan çıxacaq. Əvvəlki dominant oyunu görmək istəyirik. Amma “Ayaks”ı nəzərə alsaq, dominantlıq etmələri çətin olacaq. Sanki rəqiblər əvvəl “Qarabağ”ı ciddi təhlil etmirdilər. Ancaq ad-san qazandıqdan sonra, düşünürəm ki, komandanı xırdalığına qədər incələyirlər”.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda Bakıda “Malmö”yə 1:2 hesabı ilə məğlub olub.