Avroliqada çətin London səfərinə gedən “Qarabağ” 10 nəfərlə qalan “Tottenhem”ə 3-0 hesabı ilə məğlub oldu. Rəqibin qalib gələcəyi gözlənilirdi, amma “rəqib onsuzda Premyer Liqanın aparıcı komandasıdır, uduzmuşuqsa eybi yox” deyib keçmək də olmaz. Qarabağ qalib gələ bilərdimi? Bəlkə də hə…
Bu sualın dəqiq cavabını deyə bilməsəm də, onu deyə bilərəm ki, “Qarabağ” bu matçdan daha yaxşı nəticə ilə ayrıla bilərdi. Qol və ya qollar vura bilərdi… Amma “Köhlən atlar” 10 nəfərlə qalan “Tottenhem”dən 3 cavabsız qol buraxdı…
“Qarabağ”ın fiziki cəhətdən rəqibindən zəif olduğu aşkar şəkildə görünürdü. “Tottenhem”in oyunçularının fərdi ustalıq səviyyəsinin “Qarabağ”ın oyunçularından yuxarı olması da zatən bilinən məsələdir. Amma digər epizodlar mənim diqqətimi daha çox çəkdi; Koxalskinin səhvləri, Juninyonun real qol şanslarını qaçırması və Toralın penaltini yerinə yetirməsi.
“Qarabağ”ın qapıçıları etdikləri səhvlərlə tez-tez gündəmə düşməyi bacarıbar. Şahruddin, Luka Quqeşaşvili, Amin Ramazanov, hətta təcrübəli Lunyov belə etdiyi səhvlərlə bu siyahıya qoşulmuşdu. Dünən isə Koxalskidə bu siyahının yeni üzvü oldu. Bu qapçıların ortaq səhvinə baxsaq, onlar, daha çox hava ötürmələri zamanı topu ələ keçirmək istəyərkən səhv edirlər. Təbii olaraq belə bir sual yaranır ki, bu qapıçılar necə olur ki, əsasən eyni səhvi edirlər? Bu sualın cavabı isə düşünürəm “Qarabağ”ın qapıçı məşqçisində – daha dəqiq desək Elxan Həsənovdadır. Niyə qapıçılar hər dəfəsində eyni səhvi edirlər? Elxan Həsənov bu səhvləri görmürmü? Bu səhvlərə həll tapa bilmirmi? Bu sualların cavabı isə hələki qaranlıq qalıb.
Digər məsələ isə Juninyoun real qol imkanlarını əldən qaçırtması idi. Düzdür, digər bəzi oyunçuların da real qol şansı oldu ,amma düşünürəm ki, mərkəz hücumçusu qol vurma bacarığına görə heyətdəki digər oyunçulardan üstün olmalıdır. Juninyonun belə vacib oyunlarda ələ düşən azsayılı epizodları qola çevirməsi daha çox lazımdır nəinki Azərbaycan Premyer Liqasında qolları sıralaması. Yerli liqamızda zatən “Qarabağ”ın qol vura bilmə çətinliyi yoxdur. Düşünürəm ki, Juninyo dünən ki, epizodların ən azı birini qola çevirməyə borclu idi.
Penalti məsələsinə gəlincə isə, mən və həmçinin bir çox oyuna baxan şəxslər tərəfindən Toralın penaltini yerinə yetirməsi birmənalı qarşılanmadı. “Qarabağ”da Toraldan daha təcrübəli, penaltini qola çevirmə bacarığı daha yüksək olan oyunçular var. Bəlkə də Toral özü bu məsuliyyəti öz üzərinə götürdü. Belə olan halda məşqçilər əsasən həmən oyunçunun penaltini yerinə yetirməsinə icazə verir. Oyunçunun özünə güvənməsi, lider xususiyyəti olması yaxşıdır, amma dünənki oyunda komandanı düşünmək lazım idi və Toral özündən daha təcrübəli oyunçuya topu ötürə bilərdi. Əgər penaltinin yerinə yetirilməsi Qurban Qurbanov tərəfindən verilən qərar idisə, düşünürəm ki, bu qərar birmənalı şəkildə məşqçi tərəfindən verilən səhv qərar idi.
Hər bir halda belə oyunlarda çatışmamazlıqlar daha çox nəzərə çarpır və komanda daha da təcrübə qazanır. Ümid edirəm ki, edilən bu səhvlərin hamısı qarşıda bizə yaxşı təcrübə kimi dönəcək və “Qarabağ” Avropa səhnəsində daha da irəlilərə gedəcək.
Nihat Kərimli
Tribunainfo.az