“Püşkatmadan əvvəl dedim ki, qarşılaşmaq istəmədiyim komandalar var, onlardan biri də “Rakuv”dur”.
Tribunainfo.az xəbər verir ki, bunu “przegladsportowy.onet.pl” saytına müsahibəsində “Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la keçiriləcək oyun barədə danışarkən deyib.
32 yaşlı sağ cinah müdafiəçisi Polşa çempionundan çəkindiklərini etiraf edib: “Bununla belə, ilk oyunun səfərdə, cavab görüşünün isə Bakıda keçirilməsindən şadam. “Rakuv”la yanvarda Antalyada yoxlama görüşündə üz-üzə gəldik və 0:3 hesabı ilə məğlub olduq. Ona görə də bu komandanı tanıyırıq. Baş məşqçiləri dəyişdi, bəzi oyunçularını itirdilər. Yeni gələnlərin isə zamana ehtiyacı olacaq. Baş məşqçi getsə də, komandanı onun köməkçisi qəbul etdi. Onların fəlsəfəsini, oyun tərzini diqqətlə təhlil etməliyik”.
Monteneqro millisinin üzvü “Rakuv”u ötən mövsüm üz-üzə gəldikləri Polşanın digər təmsilçisi “Lex”lə müqayisə edib: “Lex” daha hücumameyilli çıxış edirdi. “Rakuv” 3-5-2 sxemində çıxış edir. Bu sistemdə onlara qarşı müdafiə olunmaq asan olmur. Yaxşı oynayırlar, hamı müdafiəyə qayıdır. “Lex” bizim üslubumuza oxşar futbola üstünlük verirdi. Fərdi olaraq “Lex” daha keyfiyyətli ola bilərdi, amma “Rakuv” kollektiv şəkildə oynayır, futbolçular bir-birilərini yaxşı tanıyırlar. Ona görə də təhlükəli rəqib olacaq”.
Veşoviç bu mövsüm hədəflərinin Çempionlar Liqasında qrupa düşmək olduğunu vurğulayıb: “Ötən mövsüm də Çempionlar Liqasının qrupuna düşə bilərdik. “Viktoriya” (Çexiya) həm evdə, həm də səfərdə yaxşı oynamışdıq. İndi Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Cari mövsüm üçün hədəfimiz budur. Ancaq çətin olacaq”.
Cinah oyunçusu “Qarabağ”ın ardıcıl 9 ildir avrokubokların qrup mərhələsinə düşməsinin sirrini də açıqlayıb: “Komandanın böyük təcrübəsi, yaxşı oyunçuları var. 15 ildir ki, eyni məşqçi komandanı idarə edir. Futbolda heyətin uzun müddət bir komanda ilə işləməsi vacibdir. Öz fəlsəfəmiz və oyun tərzimiz var. Dəyişikliklər çox olanda komandaya uyğunlaşmaq çətinləşir. Hətta güclü rəqiblərə belə, həmişə öz üslubumuzu təqdim edirik. Heç vaxt müdafiədə oturmuruq. Topsuz olanda da onu qaytarmaq üçün pressinq edirik. Bu üslubu bəyənirəm, bir-birimizi yaxşı başa düşürük. Buna görə də müqaviləmi yenilədim”.
Veşoviç I raundda Cəbəllütariq çempionu “Linkoln”u səfərdə 2:1 hesabı ilə məğlub etdikləri ilk oyunda çətinlik çəkdiklərini də gizlətməyib: “Həmin görüş isti hava şəraitində keçdi, oynamaq çətin idi. Üstəlik, süni örtükdə çıxış edirdik. Həm də, avrokuboklardakı ilk matçı nisbətən zəif keçirməyimiz bizim ənənəmizdir. Ötən mövsüm birinci oyunda da “Lex”ə uduzmuşduq”.
Bakı ilə Varşavanı da müqayisə edən Veşoviç, həmçinin, “Qarabağ” azarkeşləri barədə xoş fikirlər səsləndirib: “Təbii ki, burada Varşavadan fərqli mentalitet və mədəniyyət var. Eyni zamanda möhtəşəm şəhərdir. Bizə lazım olan hər şey var. Burada özümü pis hiss etsəydim, yeni müqavilə imzalamazdım. Hava şəraitində də müəyyən fərq var. Bakı sakit şəhərdir, insanlar bura gəlməyi sevirlər. O ki qaldı azarkeşlərə, “Qarabağ” onlar üçün müqəddəs və xüsusi klubdur. “Rakuv”la cavab matçında stadion dolu olacaq”.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.