Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib. TİA.AZ xəbər verir ki, Erhan Ufaq media nümayəndələrinin suallarını cavablandırıb.
– Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?
– Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram.
– Sizin yaradıcılığınızda “Kurtlar Vadisi” serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?
– “Kurtlar Vadisi” serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir.
– “Kurtlar Vadisi” serialının davamı olaraq “Kurtlar Vadisi Xaos”un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?
– Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur.
– “Kurtlar Vadisi Xaos” serialı çəkilən zaman layihədə yer alacaqsınızmı?
– Serial çəkiləcəksə, layihədə yer alacam.
– Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?
– Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.
– 14 il “Kurtlar Vadisi” serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?
– 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.
– Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb…
– Bunun da müddəti var. Bəlli bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. İnsanların xüsusi marağına səbəb olan seriallar çəkilir. Həmin layihə tutduqdan sonra davamı çəkilir.
– Türkiyədə “Netflix” sosial platforması üstünlük təşkil edir. Sizə televiziya yoxsa sosial platformada yer almaq daha asandır?
– Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.
– Sizi Azərəbaycanda “Kurtlar Vadisi” serialının Güllü Erhanı kimi tanıyırlar.
Ölkəmizdə reaksiyalar necədir?
– Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhandır. Ona görə də hər hansı çətinliyim yoxdur.
– Türkiyənin tanınmış şirkəti olan “Osman Sınav” Qarabağla bağlı film çəkəcək.
– Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah film çəkərlər. Çox gözəl bir layihədir.
– Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?
– Təbii ki, böyük mənuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim.
– Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?
– Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.