“Qarabağ”a gələn məşhur: “Açığı, daha çox oynamaq istəyirəm“backend

“Qarabağ”a gələn məşhur: “Açığı, daha çox oynamaq istəyirəm“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın qışda heyətinə qatdığı Adama Diakabi sportinfo.az-a müsahibə verib.

26 yaşlı fransalı yarımmüdafiəçi komandada keçirdiyi dönəmdən danışıb, gələcəklə bağlı sualları cavablandırıb.

– Geridə qalan 5 ayı özün üçün necə dəyərləndirirsən?

– Uzun müddət futbolsuz qaldığımı və oyun təcrübəsinin yoxluğundan əziyyət çəkdiyimi nəzərə alsaq, yanvardan bu yana yaşananlara pozitiv baxıram. Futbola qayıtdım, formamı nisbətən bərpa etdim, Avropa Konfrans Liqasında meydana çıxdım və yekunda çempionluq sevinci yaşadım. Məni ən çox sevindirən yenidən futbol oynamğımdır. Yayda tam gücümlə hazırlıq keçib, “Qarabağ”da mənə olan ümidləri doğrultmalıyam.

– Karyeranda “Monako”, “Renn”, “Haddersfild”, “Nottingem Forest”, “Amyen” kimi klubların adı var. Səhv etmirəmsə, bu, ilk çempionluğundur.

– (gülür) Bəli, yüksək dəstədə ilk qızıl medalımdır.

– Sənin üçün tarixi hadisədir demək ki.

– Əlbəttə. Bu cür hislər unudulmur. Şəxsi muzeyim üçün ilk titulu “Qarabağ”da əldə etdim.

– Mayın 27-də “Dreamland Golf Club”da çempionluq tədbiri təşkil olunmuşdu. Bu cür yığıncaqlar legionerlərin xoşuna gəlir.

– Möhtəşəm məclis idi, çox bəyəndim. Bir növ toy mərasiminə oxşayırdı. Ağır mövsümdən sonra rəhbərliyin klubun işçilərini və futbol camiəsinin üzvlərini bir araya toplaması əla ideya idi. Hər dəfə futbol oynamaq olmaz ki. Bəzən mahnı oxumaq, rəqs eləmək də gərəkir.

– Yorulmusan?

– Xeyr.

– İstirahətə ehtiyacın yoxdur?

– Açığı, futbol oynamaq istəyirəm. Komanda yoldaşlarımın istirahətə ehtiyac duyması normaldır. Çünki ağır mövsümdən çıxıblar, bir neçə cəbhədə mübarizə aparıblar. Çox yorğundurlar. Mən isə əvvəlki formamı qaytarmaq üçün daha çox oynamaq istəyirəm. Ona görə də dincəlməyi yox, məşqləri düşünürəm.

– Geridə qalan 5 ayda ideal formanın neçə faizini geri qaytara bilmisən?

– Qış fasiləsindən sonra işlərim qaydasında gedirdi, fiziki formamı bərpa edirdim. Lakin ani zədələnməyim heç yaxşı olmadı. Bəlkə də, daha hazırlıqlı ola bilərdim. Dediyim kimi, zədə imkan vermədi. Artıq özümə gəlirəm. İndiki halda 80 faiz hazır olduğumu deyə bilərəm. Yaydakı təlim-məşq toplanışının yekununda 100 faiz hazır olacağıma şübhə etmirəm.

– “Qarabağ” azarkeşləri arzuladıqları Adamanı növbəti mövsümün startında görə biləcək?

– Mən buna inanıram və bunun üçün çalışacağam. “Qarabağ”a futbol oynamaq, bacarığımla komandaya kömək etmək üçün gəlmişəm. Avrokubok oyunu zamanı stadionda möhtəşəm ab-havanın olduğunu gördüm. Həmin azarkeşləri sevindirmək üçün meydanda faydalı olmağa çalışacağam.

– Fiziki formanı bərpa etmisən, uyğunlaşma prosesini geridə qoymusan. Bundan sonra nəyə ehtiyac duyursan?

– Dedikləriniz ən vaciblər idi. Artıq hər iki prosesi geridə qoymuşam. Əlavə nəyəsə ehtiyacım yoxdur. Komandaya və mühitə tam uyğunlaşmışam, baş məşqçimizin nə istədiyini bilirəm, fiziki durumum da əvvəlki dönəmə nisbətən xeyli yaxşıdır. Bundan sonra oynamağa ehtiyacım var (gülür).

– Milli təamlarla bağlı kaprizin var?

– Xeyr, qətiyyən. Orqanizmimə ziyan verməyəcək nə varsa yeyirəm. Mətbəxi ölkələrə ayırmıram. Əsas odur dadlı və doyumlu olsun.

– Asudə vaxtlarını daha çox kimlərlə keçirirsən?

– Nə gizlədim, daha çox Abdullah Zubir və Yassin Benzia ilə oluram. Bu da hər üçümüzun Fransadan olduğumuza görədir. Lakin digər komanda yoldaşlarımla da münasibətim yaxşıdır. Arada deyib-gülür, zarafat edirik.

– Hamidu Keyta da “Qarabağ”a gəldi.

– (gülür) Bilirəm, bilirəm.

– Fransızların sayı çoxalır.

– Məncə, komanda üçün faydalı olacaq.

– Səhv etmirəmsə, Keyta ilə əvvəldən tanışsız.

– Bura gələnə qədər şəxsi tanışlığımız yox idi. Fransada eyni bölgədənik, yaşadığımız qəsəbələr bir-birinə yaxındır. Ancaq Azərbaycanda görüşənə qədər bir-birimizlə münasibətimiz olmamışdı.