Azərbaycanda tikintiyə icazə və nəzarəti həyata keçirən bir neçə orqan var: İcra hakimiyyəti, Bələdiyyələr, FHN (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onunla bağlı qurumlar (struktura daxil bir neçə qurum). Bundan başqa Nazirlər Kabinetinin qərarı da var. Qərarın 3.1 maddəsində göstərilir ki, obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir.
Dahası da var: tikintiyə “texniki şərt” mərhələsində “Azərsu” (köhnə adı), “Azərqaz” (SOCAR), “Azərenerji” (və ya şəhər-rayon enerji idarələri) müdaxilə-çətinlik yaradır. Sonra da deyirik ki, Azərbaycanda mənzil niyə bahadır?!
Tribunainfo.az xəbər verir ki, olduqca əhəmiyyətli mövzuya toxunan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, ancaq yenə də özbaşına tikintilər var:
“Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır. Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.
Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, amma, “özbaşına tikililər” var – niyə?! Bəs bu orqanlar hara baxırdı?! Nəyin müqabilində “göz yumurdu”?! Bu qədər nəzarətedici orqan, sərt qanunlar olan ölkədə 500 min sənədsiz ev, mənzil necə ərsəyə gəldi?! Yaxşı, insanlar dövlətə, bir növ, yardım ediblər, öz mənzil problemlərini dövlətin MANİƏLƏR yaratmasına rəğmən həll ediblər, özlərinə yuva qurublar, Dövlət də onlara su-qaz-işıq satır, deməli onların mülkiyyət hüququnu qismən tanıyırsa, nədən bu insanlara sənəd, çıxarış, “kupça” vermirlər?! İndi yeni qaydalar hazırlasalar, bu o deməkdirmi ki, istənilən vətəndaşın “qeyri-qanuni, özbaşına”, tikdiyi evi Dövlət ödəniş etmədən sökə biləcək?! Bu suallar cavab verən bir məmur tapılacaqmı?!”.
Gülşən Rəsul