“Qanuni oğru” ların müharibəsi – “Rafiq Masallınski” nin siyahısında sırada kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflisdə avtomobilində güllələnən Elşən Məmmədovun “Quli”nin adamı və Rafiq Eyvazovun qisası olduğu üzə çıxdı
 Tiflisdə avtomobilində güllələnən Elşən Məmmədovun “Quli”nin adamı və Rafiq Eyvazovun qisası olduğu üzə çıxdı

Sentyabrın 12-də Tiflisdə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb. Primecrime.ru saytı yazır ki, 42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışda imiş.

Məlumata görə, Elşən Məmmədov “Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub. Rusiya mediası yazır ki, şübhəli qismində əvvəllər məhkumluğu olmayan 20 yaşlı oğlan saxlanılıb. Araşdırmalar zamanı gəncin Gürcüstana 2 gün əvvəl giriş etdiyi, lakin cinayətlə əlaqəsi olmadığı aydın olub.

Sayt öldürülən şəxsi “Lotu Quli”nin ən amansız “cəlladı” kimi təqdim edib. “Rafiq Masallınski” kimi tanınan Rafiq Eyvazovu restorana qonaqlığa dəvət edib, daha sonra sol qulağını kəsərək görüntülərini videoya çəkib yayımlayanın məhz Elşən Məmmədov olduğu xəbər verilir. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

Elşən Məmmədovun adı “Rövşən Lənkəranski”nin qətlində də hallanır. Güman olunur ki, onun qətlini təkcə Rafiq Eyvazov deyil, həmçinin onun yaxın dostu olan və “Rövşən Lənkəranski”yə görə qisas alacağını deyən Zaur Əhmədov sifariş verib.

Kriminal aləmdə “Masallı Rafiq” kimi tanınan R. Eyvazov bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş “qanuni oğru” Məmməd Hüseynovun (“Masallı Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiya nəşrləri bu həbslə bağlı sensasion bir xəbər yayıb ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərtə əsasən, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli”yə “problem yaratmalı”ydı. 2013-cü ildə Bakıda keçirilən əməliyyatda saxlanan “Rafiq Masallınski” 2014-cü ilin oktyabrında azadlığa buraxıldı.

Türkiyədəki məlum qulaq kəsmək hadisəsindən sonra Bakıda “Lotu Quli”nin adamları ilə R. Eyvazov arasında müharibə qızışdı. Yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonundakı Ağa Nemətulla küçəsində 15-20 nəfərin iştirakı ilə kütləvi dava düşdü. Dava sonda tərəflər arasında atışma ilə nəticələnib. Atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (“Lotu Quli”) adamları olub.

May ayında isə Rusiya mediası Odessada “Quli”nin iki yaxın adamı – İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə xəbər yaydı.

Məlumatda bildirilirdi ki, onlara “BMW 5″ avtomobilində hücum edilib. Onların hər ikisi yüngül yaralanıb.

Bu işin arxasında da “Rafik Masallınski”nin əli oduğu deyilirdi.

Elə həmin ay Sankt-Peterburqda Cabir Həsənov adlı daha bir kriminal öldürüldü. Rusiya mediası Cabir Həsənovun qətlini yenə “Rafiq Masallınski” intiqamı kimi izah etdi. Məlumata görə, «Rafiq Masallınski» bu qətldən sonra yaxın ətrafına «sırada daha 6 nəfər qaldı» deyib.

Bugünlərdə isə “Rosbalt” agentliyi “Quli”yə qarşı 4 azərbaycanlı “qanuni oğru”nun ittifaq yaratdığı xəbərini yayıb. Bunlar “Rafiq Masallınski”, Cavid Məmmədov (“Dato Ağcabədinski”), Emin Əhmədov (“Emin Hacıqabulski”) və Ceyhun Əsgərov (“Ceyhun Gəncinski”) olduğu vurğulanıb. “Quli”yə qarşı formalaşan ittifaqı əvvəllər “Rövşən Lənkəranski”nin klanına daxil olan Suxumiski qardaşlarının dəstəklədiyi bildirilir.

“Rafiq Masallınski” nin siyahısında sırada kimdir?

Musavat.com