Azərbaycan növbədənkənar parlament seçkiləri başa çatıb və partiyaların, demək olar ki, hamısı müxtəlif sayda namizədlərlə seçkidə iştirak edib.
Seçkilərdə iştirak edən siyasi partiyalar maliyyə yardımı alacaq.
Belə ki, ötən il qüvvəyə minən “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib.
Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:
– Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.
– Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
– Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.
– Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək.
Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Beləliklə, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar.
Müsavat Partiyası
Ağ Partiyası (AğP)
Azərbaycan Ümid Partiyası (ÜMİD)
Azərbaycan Xalq Partiyası (AXP)
Azərbaycan Demokrat Partiyası (ADP)
Ədalət Partiyası
Müasir Musavat Partiyası (MMP)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Yeni Zaman Partiyası (YZP)
Gələcək Azərbaycan Partiyası (GAP)
Haqq Ədalət Partiyası (HƏP)
Azad Vətən Partiyası (AZAD VƏTƏN)
Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.