Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçirilir.
Tribunainfo.az xəbər verir ki, ölkənin tanınmış nəşriyyat olan “Qanun” sərgidə iştirak etməyəcək.
Bu barədə Şahbaz Xuduoğlu sosial şəbəkədə paylaşım edib.
““Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsinin XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanatı
Biz, illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə ölkənin ən böyük nəşriyyatlarından biri kimi qatılır, yüzlərlə müəllifin kitablarını təqdim edir, onlarla tədbir təşkil edir, minlərlə oxucu ilə görüşürük. Lakin təəssüf ki, hər il bu səylərimiz təşkilatçılar tərəfindən aqressiya ilə qarşılanır.
Keçən sərgidə yer haqqı üçün bizdən 13 min manat tələb olundu və sərgi nəticəsində ziyanla çıxmış olduq. Bu il isə, əvvəlcə bizə və “Əli və Nino” kitab şəbəkəsinə sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda bu yerlər başqa təşkilatlara verildi. Dünən gün ərzində Mədəniyyət Nazirliyinin müxtəlif məsul şəxsləri ilə (Xəyal müəllim, Vasif müəllim, Fərid müəllim və s.) davamlı danışıqlardan sonra bizə söz verildi ki, əvvəlki yerimiz bərpa olunacaq. Lakin bu gün məlum oldu ki, həmin söz yerinə yetirilməyib.
Bu, təkcə “Qanun” və “Əli və Nino” ya qarşı deyil, yerli müstəqil nəşriyyat sektoruna, oxuculara və müəlliflərə qarşı sayqısızlıqdır.
Biz aşağıdakıları bəyan edirik:
-Əgər bizə sərgidə ədalətli və uyğun yer təqdim olunmasa, sərgidə iştirakdan imtina edəcəyik;
-Nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq;
– Müəlliflərimiz və oxucularımız qarşısında üzr istəyir, onlara bu tədbirləri daha münasib və peşəkar bir şəraitdə keçirməyi söz veririk.
Kitabı və kitab oxucusunu bir mədəni dəyər kimi görürük. Bu dəyərlərin tapdanmasına susmaq niyyətində deyilik”.
Məsələ ilə bağlı Tribunainfo.az-ın suallarını cavablayan Ş. Xuduoğlu açıqlama verib.
Siz illərdir Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edirsiniz. Nazirliyin məsul şəxsləri ilə apardığınız danışıqlarda sizə söz verildiyi halda, bu sözlərin tutulmamasını necə qiymətləndirirsiniz?
Əgər sərgidə iştirakdan imtina etsəniz, bu, sizin müəlliflərinizin və oxucularınızın işinə necə təsir göstərəcək?
Təxirə salınacaq təqdimatlar və görüşlər başqa hansı formada – məsələn, ayrıca tədbirlərdə – keçiriləcəkmi?
“Biz mütləq ayrıca bir sərgi təşkil edəcəyik. Bu bizə də yaxşı təsir etmir. Çünki biz çox böyük gərginlik yaşamışıq. İki gündür bu danışıqları aparırıq. Normal bir şəraitin yaradılmasını istəyirdik. Təəssüf ki, yaradılmadı. Bu yeganə bir gündür ki, bu bizim sərgidir, kitab sərgisidir. Burada bizim ürəyimiz istəyən kimi öz kitablarımızı nümayiş etdirməliyik və oxucularımızla ünsiyyət qurmalıyıq.
İldən-ilə dəyişir. Bir il “Əli və Nino”ya şərait yaradılır, digər il Qanun-a. İki təşkilat arasında manipulyasiya edirlər. Azərbaycanın ilk müstəqil qurumlardır bu sahədə. Onlar bunu bilmirlər, görmürlər və əksinə bizə qərəzli münasibət davam edir. Əvvəllər 6 kv metr yer pulsuz verilirdi, qalanı isə ödənişli idi. Biz də çalışırdıq ki, heç olmasa ödəniş az olsun və kitablarımızı yerləşdirə bilək. Amma təəssüf ki, bizim tələblərə həmişəki kimi məhəl qoyulmur”.
Dəniz Pənahova