İmişlidə SSRİ bayrağı qaldıran və buna görə də dünən vəzifəsindən azad edilən Saleh Səmədovun gizli imperiyası ortaya çıxıb. Həmçinin İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri olan Səmədovun qalmaqallı ailə üzvləri ilə bağlı da bəzi faktlar məlum olub.
Tribunainfo.az xəbər verir ki, Səmədov rayonun ən varlı şəxslərindən biri olub. Ona məxsus “Kral Saray” adlı şadlıq evi, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək və kolbasa sexləri, spirt-şirə zavodu, hipermarket, mal-qara və donuz ferması, 20 hektarlıq istilikxanası olması barədə “unikal.az” məlumat yayıb. Səmədov paytaxtda villalar, restoranlar və tikinti şirkəti ilə tanınır.
1962-ci il təvəllüdlü Səmədov ali təhsilini 30 yaşından sonra alaraq, müxtəlif illərdə dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışıb. 2024-cü ilin aprelində Şuranın sədri seçilib. Onun dönəmində qurum binasında SSRİ bayraqları və Stalin büstü yerləşdirilib. 9 Mayda sinəsinə “Georgi lenti”ni taxması da bu siyasətin davamı kimi dəyərləndirilir.
S.Səmədov 2002-ci ildə İmişli rayon “Araz” MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.
Səmədovun qardaşları ilə bağlı da qalmaqallı faktlar məlumdur. Onun böyük qardaşı Atababa Səmədov 2018-ci ildə 320 min dollar dələduzluğa görə həbs olunub. Kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə vəzifədən çıxarılıb.
Gülşən Rəsul