Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KredoBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının üzvü Müşfiq Vəkilov Quba Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, işin mahiyyəti qeyri-yaşayış sahəsi ilə bağlı mübahisələrdən ibarətdir.

Müşfiq Vəkilovun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Könül Həbibovanın icraatındadır. Təfərrüatları Müşfiq Vəkilovdan və Qubar Rayon İcra Hakimiyyətindən öyrənmək mümkün olmayıb.

Müşfiq Vəkilov qalmaqallı iş adamı kimi tanıyır. 2016-cı ildə “KredoBank” ASC müflis elan ediləndə bunu Müşfiq Vəkilovun maliyyə maxinasiyası kimi qələmə verirdilər. Bank müflis olduqdan sonra onun qardaşı Kamran Vəkilovla Almaniyada otel aldığı barədə məlumat yayılmışdı.

2021-ci ildə yerli mediada yayılan məlumatlarda bildirilir ki, Vəkilov qardaşları Türkiyədə, Almaniya və Avstriyada otel və turizm biznesi ilə məşğul olmağa başlayıblar.

Məlumatlarda daha sonra iddia edilir ki, Vəkilovlar “Credo İnvest” və “VEK Tourism” MMC kimi yeni şirkətlər təsis ediblər. Müşfiq Vəkilov dəyəri 30 milyon avro civarında Almaniyanın Hannover şəhərində mərkəzi vağzal yaxınlığında “Lavesstraße 77, 30159” ünvanında “Grand Palace” və “Nikolaistr. 12” ünvanında “Yours Hotel City” obyektlərini alıb.

Bundan başqa, Hannoverdə “Schiffsgraben 29” ünvanında daha bir obyekt inşa etdirib. Avstriyanın Vyana şəhərində “Taborstrasse 11” ünvanındakı otelini isə satışa çıxarıb. İddialara görə, həmin vaxt Almaniyada Müşfiq Vəkilovla yerli alman və azərbaycanlı iş adamları arasında maliyyə qalmaqalı yaşanıb.