Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xalid Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
İttihama görə, hadisə 01 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, Xalid Bəşirov ailə üzvləri ilə birgə yaşadığı evdə arvadı, zərərçəkmiş Səmayə Bəşirova (adı, soyadı şərtidir) ilə ailə-məişət zəminində mübahisə edib. Buna səbəb isə zərərçəkmişin maddi dəstək göstərməməsi olub. Yaranan mübahisə əsnasında təqsirləndirilən şəxs qəsdən arvadının baş, qol və bədəninin müxtəlif nahiyələrinə əl və yumruq zərbələri endirib. Daha sonra o, qadının boğazını əlləri ilə sıxaraq boğub, ardınca ayaqları ilə təpik zərbələri vuraraq xəsarət yetirib.
Hadisədən sonra Xalid Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, əri ilə barışıb, Xalidə qarşı heç bir şikayəti və tələbi yoxdur.