Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin istintaqa verdiyi ifadəsi məlum olub.
Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”un əldə etdiyi xəbərə görə, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.
Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.
Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.