Bakıda qaçqın və məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmişlər ifadə verib.
Bakıda qaçqın və məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmişlər ifadə verib. Məlum olub ki, zərərçəkmişləri aldadan şəxslər bahalı maşınlarda gəzir, “Qaçqınkom”un vəzifəli şəxsləri ilə görüşürmüşlər.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Məhkəmə adı çəkilən şəxslərin dələduzlqu əməllərinin qurbanı olmuş şəxslər ifadə veriblər.
İttihama görə, onlar Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5400 manat, Etibar Əliyevin 4000 manat, Tehran Məmmədovun 6000 manat, Bəxtiyar Əzizovun 4000 manat, Nazilə Ağayevanın 2000 manat, Səyyarə Çələbiyevanın 6000 manat, Sevil Emilovanın 7000 manat, Səməd Əbilovun 3500 manat, Kəmalə Quliyevanın 16000 manat, Ləman Əliyevanın 15000 manat, Şahin Abdullayevin 8030 manat, Rafiq Cəfərovun 13600 manat, Cabir Məmmədovun 8000 manat və Ceyhun Qurbanovun isə 45000 manatını ələ keçiriblər.
Məhkəmədə hər iki şəxs özünü təqsirli bilib. Amma bəzi epizodlar üzrə rəqəmlərin düzgün olmadığını, zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını söyləyiblər.
Bu zaman prokuror Fərid Nağıyev diqqətini çəkən bir məqamla bağlı təqsirləndirilən şəxslərə sual verib. Prokuror zərərçəkmişlərdən soruşub ki, niyə zərərçəkmiş şəxslərdən aldıqları az məbləğdə pulları etiraf edirlər, amma çox məbləğlərlə razılaşmırlar.
Təqsirləndirilən Rabil Rəhimov bu suala belə cavab verib: “Aldıqlarımı deyirəm. Əgər bu pulları da alsaydım, deyərdim ki, almışam”
Prokuror hər iki təqsirləndirilən şəxsdən aldıqları pulları hara xərclədiklərini də soruşub. Onlar bu suala heç bir cavab verməyərək susublar.
Daha sonra məhkəmədə zərərçəkmişlər ifadə verib.
Zərərçəkmiş Kəmalə Quliyeva deyib ki, Abşeron qəsəbəsində qaçqınlar üçün tikilən binadan ev almaq üçün Rabil Rəhimova əvvəlcə 8 min manat verib:
“8 mini notarisuda vermişəm. Sonra bunlar mənim etibarımı qazandı. İkisi də bir yerdə olurdu. Martın əvvəllərində Rabil zəng elədi ki, ayın 8-də bayrama görə evlər paylanılacaq. “Koroğlu” metrostansiyasının yaxınlığında görüşdük. İkinci 8 min manatı da orada verdim. Bunu sübut edə biləcək telefon danışıqlarımız da var. Mən özüm Füzuli qaçqınıyam. Başıma bu oyunu açdılar”.
Rabil Rəhimov isə Kəmalə Quliyevadan sadəcə 8 min manat aldığını deyib.
Digər zərərçəkmiş Sevil Eminova isə ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən olan Şəfayət İsmayılovun qızı onların gəlinləridir. Və bu iş də gəlinlərinin tanışlığı ilə olub: “Şəfayətin qızı bacımgilin gəlinidir. Onlar vasitəsi ilə tanıdıq. 7 min manat vermişəm. Daha sonra 5 min manatı qaytarılıb. 2 min manatımı da tələb edirəm”.
S.Eminova bu işdə vasitəçi olan şəxslərin də cəzalandırımasını istəyib.
Bu iş üzrə ən çox zərər görmüş şəxs isə Ceyhun Qurbanovdur. İttihama görə C.Qurbanov ev almaq üçün 45 min manatını təqsirləndirilən şəxslərə verib.
C.Qurbanov söyləyib ki, 2 ədəd 3 otaqlı mənzil almaq üçün 45 min manatı hissə-hissə olmaqla Rabil Rəhimova verib: “Pulu ona verdiyimi görən şahidlər, bunu sübut edən telefon danışıqları var”.
Təqsirləndirilən Rabil Rəhimov isə zərərçəkmişdən pul almadığını söyləyir.
C.Qurbanov deyib ki, özünü “hacı” kimi təqdim edən R.Rəhimov həm də bahalı maşınlarda gəzirmiş: “Deyirdi ki, hacıyam. X5-lə gəzirdi. Mən onu “Qaçqınkom”da departament rəhbəri olan Akif Mirzəyevlə də birlikdə görmüşəm. Onlarla əlaqəsi var idi. Qaçqınlara verilməli olan evlərin açarları bunlarda idi. Əgər əlaqələri yox idisə, açarları hardan almışdılar? Ev vercəklərini dedikləri hər kəsi də evlərə aparıblar”.
Digər zərərçəkmişlər də bildiriblər ki, hər iki təqsirləndirilən şəxsin, xüsusi ilə də Rabil Rəhimovun “Qaçqınkom”da yaxşı əlaqələri olub. Bu əlaqələrdən istifadə edərək vətəndaşlardan pul yığıblar. Amma nəticədə iş alınmayıb.
Qeyd edək ki, adı şəkilən Akif Mirzəyev Əli Həsənovun rəhbəri olduğu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departametinin direktorudur.
Təqsirləndirilən şəxslər pullarını ələ keçirdikləri şəxsləri Abşeron qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş binalara apararaq mənzilləri göstəriblər. Zərərçəkmişlər deyiblər ki, onların əlində mənzillərin açarları da olub və birlikdə evlərə baxıblar. Bəzi zərərçəkmişlər isə söyləyiblər ki, R.Rəhimov və Ş.İsmayılov onlara satacaqları evlərlə bağlı sənədləri də imzalatdırıblar.
Digər zərərçəkmiş Nihal Kərimov da çıxışında maraqlı iddialar səsləndirib. O, deyib ki, təqsirləndirilən Rabil Rəhimov 100 minlik “Lexus” markalı maşınla gəzirmiş.
“Belə bahalı maşınlarda gəzirdilər. Vətəndaşları da aldadıblar. Mən cəmi 10 min manat vermişəm. 4 mini qardaşımın yanında verdim. Hər ikisi də orada idi. Qardaşım dedi bunlardan Şəfayəti gözü tutmayıb. Ondan şübhələnirdi. Qardaşım mənə tapşırdı ki, qalan pulu verəndə bunların şəklini çəkim. Babək prospektində kartdan 4 mini çıxarıb bunlara verəndə videoya çəkdim. Pulu sayıb, ciblərinə qoydular. Həmin görüntüləri də məhkəməyə təqdim edə bilərəm”.
Məhkəmədə məlum olub ki, hər iki təqsirləndirilən şəxslərin özü də qaçqındır. Onlar vətəndaşlara mənzil verəcəklərini dedikləri binalardan özlərinə ev də alıblarmış. Prokuror sual verib ki, özləri də həmin evləri alarkən kiməsə pul veriblərmi? Təqsirləndirilən şəxslər ev alarkən heç kimə pul vermədiklərini söyləyiblər.
Zərərçəkmişlər arasında qaçın və məcburi köçkün olmayan şəxslər də var. Onlardan biri də Səyyarə Çələbiyevadır. O deyib ki, Masazır qəsəbəsində ev axtranda bu şəxslərə tanış olub:
“Mənə dedilər ki, qaçqınlara tikilən binalardan onlara ev verilib. Amma özləri qalmadıqları üçün satırlar. Mən də inandım. Bunlara öz balam kimi inandım. 20 il kirayələrdə tək yaşamışam. Özlərinə də bunları demişdim. Həm də ona görə inandım ki, evin açarları özlərində idi. Aparıb mənə də göstərdilər. Cəmi 6 min manat vermişəm. 2800 manatını Rabilin qayınanası qaytarıb”.
Qeyd edək ki hər iki şəxs Cianyət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.