“Yataqxanada tez-tez bədbəxt hadissələri baş verir. Birinin tavanı uçur, birinin döşəməsi”
Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Abdulla Abullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxanada yaşayan məcburi köçkünlər “Qafqazinfo”ya üz tutublar.
23 ildir ki, ağır şəraitdə yaşadıqlarını deyən sakinlər müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb:
“Yataqxanada tez-tez bədbəxt hadissələri baş verir. Birinin tavanı uçur, birinin döşəməsi. Harda görülüb ki, tualetə girən adam başına kaska qoysun? İnfeksion xəstəliklər yayılıb. Uşaqlar doğulandan ya astma, ya da ki, infeksion xəstəliklərə tutulur”.
“Qafqazinfo” məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. E. Qədimov açıqlamasında bildirib ki, bu gün yataqxanalarda məskunlaşmış məcburi sakinlərin köçürülməsi gündəmdədir:
“Bizim əməkdaşlarımız orada olub, vəziyyətlə tanışıq. Yataqxanada vəziyyət həqiqətən də acınacaqlıdır və sakinlərin köçürülməsi hazırda gündəmdədir. Məcburi köçkünlərin köçürülməsi prosesi daha ağır şəraitdə yaşayan ailələrin köçürülməsi prinsipi nəzərə alınmaqla mərhələli şəkildə həyata keçiriləcək.
Bu bina da acınacaqlı vəziyyətdə olduğu üçün gələcəkdə köçürülən ilk obyektlərdən olacaq. Bu günlərdə Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan yataqxanaların köçürülməsi müzakirə edilir. Bu sahədə çox cidi işlər aparılır. I vitse-prezidentimiz Mehriban Əlliyeva da ilk müşavirəni bu iki şəhərdə qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsinə həsr edib. Müşavirədən sonra ciddi tapşırıqlar verilib və müvafiq tədbirlər həyata keçirilir”.
TİA.AZ “Qafqazinfo”nun 17 saylı yataqxanadan hazırladığı videoreportajı təqdim edir: