Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin dəhşətli qəza törətməsindən bir ay vaxt keçir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin dəhşətli qəza törətməsindən bir ay vaxt keçir. Qəza sonrası başda Əli Həsənov özü olmaqla, ailə üzvləri hadisənin Nail tərəfindən törədildiyini gizlətməyə çalışdı.
Hətta bir çox ictimai şəxslər, o cümlədən deputat Astan Şahverdiyev də qəzanın Nail tərəfindən törədilmədiyi iddiasını irəli sürüb, əks fikirdə olanları kəskin şəkildə qınadılar. Lakin Daxili İşlər Nazirliyi tərəfindən yayılan rəsmi açıqlama Nail Allahverdiyevi müdafiə edənləri susdurdu. Məlum oldu ki, qəzanı törədən elə Nail Allahverdiyevin özüdür və faktla əlaqədar ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açıldı. 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Qəza baş verən zaman sosial şəbəkələrdə insanlar Əli Həsənovun istefa verməli olduğunu bildirir, Nail Allahverdiyevə ağır cəza istəyirdilər. Lakin hadisədən bir ay vaxt keçməsinə baxmayaraq, ara sakitləşib. Artıq nə Əli Həsənov nəvəsindən danışır, nə də Nail Allahverdiyevin vəkili onun vəziyyəti ilə bağlı mətbuata hər hansı bir açıqlama verir. Vəkil bildirir ki, Nail Allahverdiyevin işi ilə bağlı mətbuata hər hansı bir açıqlama vermək istəmir.
Lakin vəkil sussa da yayılan məlumatlara görə, Nail Allahverdiyev 1 saylı Bakı İstintaq Təcridxanasında çox yaxşı şəraitdə saxlanılır. Onun digər dustaqlardan fərqli vəziyyətdə saxlanıldığı, çöldə olduğu kimi içəridə də lüks həyat yaşadığı bildirilir. Halbuki, Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Qanunvericiliyə görə, Nail Allahverdiyevə maksimum 10 il iş verilə bilər.
Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, məhkəmənin qərarından asılı olaraq Nail Allahverdiyev 4 aydan sonra azadlığa da buraxıla bilər:
“Hadisədə motiv əsas rol oynayır. Əgər sürücü ehtiyatsızlıq nəticəsində yol hərəkəti qaydalarını pozaraq adam öldürürsə bu, başqadır. Bir də var ki, sürücü qəsdən adam öldürür. Qəsdən vurub öldürən zaman bunun cəzası 20 il də ola bilər. Qəsd olmasa ona uyğun da cəza verilir. Əli Həsənovun nəvəsinə açılan cinayət işi bəllidir və onun həbs müddəti maddəyə görə, maksimum 10 ildən artıq ola bilməz. Ağırlaşdırıcı hallar, yəni içkili, narkotikin təsiri altında olması halları yoxdursa bu da nəzərə alınır. Hər halda Nail Allahverdiyevin törətdiyi cəza ağırdır. Onun vaxtından əvvəl azadlığa çıxması isə məhkəmənin səlahiyyətindədir. İstintaq həbsin uzadılması ilə bağlı təqdimat verəcək. Lakin bunu uzadıb, uzatmamaq məhkəmənin səlahiyyətindədir”.
Vəkil Əli Həsənovun nəvəsinin lüks şəraitdə saxlanılması məsələsinə də toxunub:
“Müdafiə etdiyim şəxslərin hamısı ictimai-siyasi fəallar olub. Onların da heç biri lüks yerlərdə qalmayıblar. Bu baxımdan orada lüks yerlərin olması barədə konkret məlumata sahib deyiləm. Ancaq belə ola bilir ki, kameranı bir nəfərlik edirlər və ya dustağı istədiyi adamla salırlar. Məsələn, 4 nəfərlik kamerada 1 və ya 2 nəfər salırlar. Kamerada televizor da olur və adi dustaqlara onun idarəedicisi verilmir. Ancaq bu kimi şəxslərə şərait yaradıb, televizorun idarəedicisini, radio, soyuducu, yeməyini qızdırması üçün qızdırıcı belə verirlər. Komfort dedikdə bunlar nəzərdə tutulur. Daha bundan da o tərəfə şərait yaradılması mənim zənnimcə mümkün deyil. Digər dustaqlara kənardan yemək qəbulu həftədə bir dəfədirsə, bunlara hər gün edə bilərlər. Belə məlumatlar var ki, bəzi adamlar üçün tez-tez yemək qəbul edib, hər gün telefon zənginə çıxarırlar. İçərinin havasını sərinləşdirməyə gəlincə isə kondisioner olmasa da ventilyator təşkil edirlər. Ümumiyyətlə, təcridxanada mərkəzləşdirilmiş istilik sistemidir. Bildiyim qədərilə bütün kameralarda soyuq havalarda temperatur normal olur. İstidə isə yalnız qeyd etdiyim kimi ventilyatorlardan istifadə edirlər. O da bütün kameralara aid deyil. Dustaqlara axşam saat 18:00-dan 10:00-a qədər televizora baxmağa icazə verilir. Ancaq kimə ki, lüks şərait yaratmaq istəyirlərsə, o adam hər saat televizora baxa bilir. Hətta yuxarıda da qeyd etdiyim kimi istədiyi kanala çevirmə imkanı olur. Şərait yaratsalar belə, kimsə dustağın yanına gələ bilməz. Ancaq görüş otaqlarında dustaqla görüşmək mümkündür. İnanmıram ki, Əli Həsənovun nəvəsinin də kamerasına kimisə buraxsınlar. Telefona gəlincə isə otaqda da mobil telefon saxlamağa icazə verdikləri zaman olub. İndi isə düşünürəm ki, bu iş ictimai nəzarətdə olduğu üçün bəzi məsələlərdə çəkinirlər. Qaydalara tamamilə zidd olan hallardan yayınsalar da yəqin ki, qalan şeylərdə güzəştə gedib, televizor, radio verilməsi baxımından şərait qurublar”. \\musavat.com\\