Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Mehdi Əliyevin ailəsinə ev və avtomobil verib; təcridxanada olan nəvə isə “peşmanam” deyib
Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Mehdi Əliyevin ailəsinə ev və avtomobil verib; təcridxanada olan nəvə isə “peşmanam” deyib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.
Musavat.com xəbər verir ki, qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib. Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və avtomobil verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb.
Məsələ ilə bağlı mərhumun anası Nazilə Əliyeva ilə əlaqə saxlanılıb. O, bu mövzu ilə bağlı sualları cavablandırmaq istəmədiyi bildirib.
“Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm” deyə, N.Əliyeva bildirib.
Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. “Report”un əldə etdiyi xəbərə görə isə N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.
Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apelyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.
Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.
Xatırladaq ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.
Qəzanı törədən şəxsin əvvəlcə Mehdi Əliyev olduğu və onun dünyasının dəyişdiyi bildirilirdi. Amma sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, sükan arxasında Əli Həsənovun nəvəsi olub. Mehdi Əliyev sürücü olsa da həmin vaxt avtomobili idarə etmirmiş.
Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev “Mazda” markalı avtomobillə ötüşürmüş. Həmin avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində isə inzibati həbs qərarı verilib.
Qəza zamanı dünyasını dəyişənlərdən biri piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi avtomobilin altında qalaraq dünyasının dəyişmişdi. Mərhum Vaqif Əsədovun kiçik oğlu mətbuata açıqlamasında qəzaya səbəb olanların cəzalandırılmasını istəmişdi. Onun digər övladları isə bunun əksi olaraq “nə düşübsünüz Nailin üstünə?” deyə mətbuat nümayəndələrini qınamışdılar. Onlar bu mövzu haqda danışmaq istəmədiklərini və media nümayəndələrindən onları narahat etməmələrini istəmişdilər.
Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdulla Gülün qohumlarıdır.
Ə.Həsənovun qəzanın qurbanlardan birinə jesti və bunun ardından nəvəsinin peşmanlıq ifadəsinin yayılması bir az da piar-kampaniyaya oxşayır. Mümkündür ki, Ə.Həsənov nəvəsinin azadlığı üçün təkcə pul kisəsinin deyil, qərar verən səlahiyyətli şəxslərə də ağız açmaq niyyətində olsun. Bunun üçün də belə bir kampaniyanın aparılması vacibdir…