Qabon prezidenti Ər-Riyada getdi, bir aydır xəbər yoxdur…

Qabon prezidenti Ər-Riyada getdi, bir aydır xəbər yoxdur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qabon prezidenti Əli Bongo Ondimba təxminən bir ay əvvəl-oktyabrın 23-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada gedib və hələ də geri qayıtmayıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, prezident insult keçirib və Ər-Riyaddakı Kral Feysəl Hospitalına yerləşdirilib. Həmin vaxtdan onda xəbər yoxdur və prezidentin bir aya yaxındır ölkədə olmaması Konstitusiya böhranı yaradıb. Çünki ölkənin əsas qanununda prezidentin uzun müddət olmadığı halda onun səlahiyyətlərini kimin icra edəcəyi məsələsi açıq qalırdı.

Hərçənd noyabrın 12-də Əli Bongo Ondmbanın nümayəndəsi Ayk Nquoni jurnalistlərə bildirib ki, prezident keçirdiyi insultdan sonra “sürətlə sağalır” və fiziki qabiliyyətini bərpa etməkdədir.

“Respublika prezidenti, Əlahəzrət Əli Bongo Ondmbanın səhhəti əhəmiyyətli dərəcədə yaxşılaşıb…Respublika prezidenti öz fiziki imkanlarını bərpa etmək mərhələsindədir”-o bildirib.

Nümayəndə deyib ki, Ondimba öz səlahiyyətlərini icra etməkdədir və Respublikanın təsisatları “Konstitusiya əsasında fəaliyyətini davam etdirir”.

Lakin bundan bir gün sonra Konstitusiya Məhkəməsinin rəhbəri Mariya-Madelina Mborantsuo mətbuat konfransı keçirərək Qabon konstitusiyasına prezidentin uzun müddət ölkədədə olmadığı halda onun səlahiyyətlərinin kimə keçəcəyi barədə düzəliş edildiyini açıqlayıb.

Konstitusiyada düzəliş etmək təşəbbüsünü vitse-prezident Pyer-Klavera Maqanqi Musavou irəli sürüb. O, Konstitusiya Məhkəməsini ölkədəki hakimiyyət boşluğuna müdaxilə etməyə çağırıb. Vitse-prezident bildirib ki, məhkəmə prezidentin “müvəqqəti yoxluğu” şəraitində Nazirlər Şurasına kimin rəhbərlik etməli olduğuna aydınlıq gətirməlidir.

Konstitusiyada edilmiş düzəlişə əsasən prezidentin müvəqqəti olaraq ölkədə olmadığı vaxtda onun müəyyən funksiyaları ya vitse-prezidentə, ya baş nazirə keçməlidir. Səlahiyyətlərin kimə keçəcəyinə Konstitusiya Məhkəməsi qərar verir. Və hazırda vitse-prezidentə hökumətə başçılıq etmək səlahiyyəti verilib. Prezident Əli Bongo Ondimbonun isə ölkəyə nə vaxt qayıdacağı haqda heç bir məlumat verilmir.

Politoloqlar deyirlər ki, prezidentin olmadığı bir vaxtda bu Afrika ölkəsində hərbi çevrilişin baş verməsi ehtimalı azdır. Çünki prezident qvardiyasına Ondimbonun əmisi oğlu Qrequar Koun başçılıq edir. Və 1960-cı ildən bəri Gabonda hərbi çevriliş baş verməyib.

Lakin Əli Bongo xəstəlikdən sağalmasa bu, Bongo sülaləsinin Qabonda 50 illik hakimiyyətinin sonu ola bilər. Onun atası Ömər Bonqo Qabonu 1967-ci ildən 2009-cu ilə, yəni ölənə qədər idarə edib. İndi Əli Bonqo ölsə az ehtimal var ki, ailədən biri onun yerini tutacaq.

“Ailədə Əli Bonqonu prezident postunda əvəzləyəcək biri yoxdur. Səbəb budur ki, onun uşaqlarından heç biri prezidentliyə iddia edəcək dərəcədə nüfuzlu mövqe sahibi deyil”-qonşu Kamerundan siyasi analitik Luis Kemayu deyib.

Müxalifət lideri Jan Ping

Müxalifət isə Konstitusiya Məhkəməsinin qərarını tənqid edərək bunu hakimiyyətin Bonqo klanının əlində cəmləşdirilməsi cəhdi adlandırıb.

Əli Bonqo 2016-cı ildə yenidən prezident seçilib. Həmin seçkilərdə ona cüzi fərqlə uduzan müxalifət lideri Jan Ping deyib ki, Konstitusiya Məhkəməsinin bu qərarı siyasi qeyri-müəyyənlik yaradır. Çünki Konstitusiyaya görə prezident 45 gün ərzində öz səlahiyyətlərini icra edə bilməsə yeni seçkilər təyin edilməlidir. İndi isə məhkəmə onun səlahiyyətlərinin qeyri-müəyyən müddətə vitse-prezidentə, yaxud baş nazirə keçməsinə yol açıb. “Hesab edirəm ki, Qabonda Bonqo sülaləsinin hakimiyyətinin başa çatması üçün yaxşı şans yaranıb”-o deyib.