İran İnqilab Keşikçiləri Ordususnun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaaninin vəziyyəti ilə bağlı rəsmi açıqlamanın olmaması onun İsrailin Beyruta hücumu zamanı öldüyü ilə bağlı iddiaları gündəmə gətirib.
“AzPolitika” xəbər verir ki, İsrailin “Kanal 12” televiziyası Beyruta tez-tez getdiyi bilinən Qaaninin ölümü ilə bağlı xəbər yayıb. Kanal Beyruta hücum zamanı Qaaninin hədəfə alındığını bildirib.
İranın yerli KİV-ləri də generalın ölümü ilə bağlı iddiaların artdığını və bu səbəbdən də sözügedən məsələyə rəsmi qurumlar tərəfindən aydınlıq gətirilməli olduğunu yazıblar. Qeyd edək ki, İranın rəsmi orqanları hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
Maraqlıdır ki, Qaani İranın Ali rəhbəri Ayətullah Əli Xamneinin SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadəyə “Fəth medalı” təqdim etdiyi mərasimdə də iştirak etməyib. İsrailin Beyrutda keçirdiyi və Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən məlum əməliyyatdan sonra SEPAH generalından heç bir xəbər alınmayıb.
Qeyd edək ki, Qaani 2020-ci ildə Qasım Süleymaninin ölümündən sonra bu vəzifəyə təyin olunub.