Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya atəşkəsin davam etdirilməsi üçün Ukrayna tərəfinə şərtlər siyahısı hazırlayıb təqdim edəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Peskov qeyd edib ki, Moskva və Kiyev nümayəndə heyətlərinin son danışıqları zamanı tərəflər atəşkəsin təmin olunması və Ukrayna münaqişəsinin həlli üçün şərtlərin siyahısı ilə qarşılıqlı mübadilə aparmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu istiqamətdə işlər fəal şəkildə davam etdirilir.
Kreml nümayəndəsi vurğulayıb ki, yaxın vaxtlarda Moskva öz şərtlər siyahısını təqdim edəcək. Lakin o, bu tələblərin nədən ibarət olacağını açıqlamayıb. “Danışıqlar qapalı rejimdə aparılmalıdır”, — deyə Peskov əlavə edib.
Peskov, həmçinin, Ukrayna və Rusiya liderlərinin mümkün görüşü haqqında da danışıb. Onun sözlərinə görə, belə bir görüş yalnız nümayəndə heyətlərinin müəyyən razılaşmalara nail olmasından sonra mümkün ola bilər.
“O vaxta qədər, əvvəlcə dünən nümayəndə heyətlərinin razılaşdığı məsələlər yerinə yetirilməlidir. Ən başlıcası isə 1000-ə 1000 əsir mübadiləsidir”, — deyə o qeyd edib.
Rusiya və Ukrayna arasında danışıqlar 16 may tarixində baş tutub. Görüş ümumilikdə təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva görüşün nəticələrindən razıdır və uzunmüddətli sülh sazişinə nail olmaq üçün danışıqlar formatının davam etdirilməsinə ümid edir.
Tribunainfo.az