Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xankəndidə rus konsulluğu açılmasının müzakirə olunduğunu açıqlayıb. Səfir bunu Kreml lideri Bakıda olarkən söyləyib. Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova Xankəndidə Rusiya konsulluğu açılmasına ehtiyac görmür. Onun sözlərinə görə, Qarabağda ruslar yaşamır, Rusiya vətəndaşlarının da turist kimi kütləvi şəkildə axın etdiyi yerlər arasında Xankəndi yoxdur. Ekspert hesab edir ki, hətta ruslar Qarabağı gəzmək istəsələr belə, yenə də konsulluq lazım deyil, iki ölkə arasında viza rejimi də yoxdur, o baxımdan istənilən vaxt rahat gələ bilərlər: “Sadəcə, konsulluq siyasi məqsəd güdür. Necə ki İran Qafanda konsulluq açdı, Fransa da eyni arzudadır, Rusiya da Qarabağdan əl çəkmək istəmir. Bütün bunlar Cənubi Qafqaz uğrunda mübarizənin əlamətləridir. Lakin biz bölgədə gedən oyunların Xankəndi üzərindən oynanılmasına imkan verə bilmərik. Azərbaycan dövləti Xankəndidə rus konsulluğu açılmasına ehtiyac olmadığını Rusiyaya izah etməlidir”.
Analitikin fikrincə, burada ikinci məkrli niyyət erməniləri yuxarı Qarabağa qaytarmaq ola bilər: “Hərçənd, buna da inanmıram. Əvvəla, ermənilər gəlmək istəmirlər. İkincisi, onlar qorxurlar və fikirləşirlər ki, təhlükəsizliyə qarant ola biləcək rus hərbçiləri də regionu tərk ediblər. O halda, Azərbaycanın qanunları altında yaşamazlar. Əgər belə olsaydı, getməzdilər. Ən əsası isə Rusiya konsulluq açmaq adı ilə onları bura köçürmək mexanizmini necə müəyyən edəcək? Kremlin belə bir istəyi ola bilər, amma mümkün deyil”.