Rusiya prezidenti Vladimir Putinə ən yaxın olan iki şəxsin – baş nazir və sözçüsü bir müddət əvvəl koronavirusa yoluxmasından sonra hamını bu sualı düşündürürdü: bu cür şəraitdə prezident özünü virusdan necə qoruya bilir?
Vladimir Putin bir neçə ay idi ki, Novo-Oqaryovodakı iqamətgahında işləyirdi. Demək olar ki, bütün görüşlərini telekonfranslar vasitəsilə keçirir və azsaylı köməkçi heyət istisna olmaqla xarici aləmlə əlaqəni minimuma endirmişdi.
Musavat.com yerli mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryovadakı iqamətgahında koronavirusdan qorunmaq üçün xüsusi dezinfeksiya tunelində yerli mütəxəssislərin hazırladığı aparat quraşdırılıb. Penza bölgəsi hökumətinin rəsmi portalında bildirildiyi görə, yerli mütəxəssislər koronavirus pandemiyası zamanı qeyri-adi, lakin çox təsirli olan cihaz hazırlayıblar.
Dezinfeksiya aparatı qurulmuş tunel sayəsində, dövlət başçısının iqamətgahına gələn qonaqlar üçün dezinfeksiyaedici məhlul püskürdülür. Bu zəif duman effektli tuneldən keçənlərin geyimləri dezinfeksiya olunur. Bu,epidemioloji təhlükəsizliyi təmin etmək üçün təsirli bir yoldur.
Bundan əvvəl, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, koronavirus təhlükəsi səbəbindən Vladimir Putinin yenə də fərdi görüşlər və təmasların sayını azaltmaq məcburiyyətində qaldığını, eyni zamanda iş yerində sosial məsafəni qoruduğunu söyləyib. Prezidentlə işləyən bütün administrasiya heyətinin COVİD-19 infeksiyası testindən keçirilməsi tələb olunur.
Bildirilir kİ, artıq bir neçə gündür ki, Putin Kremlə qayıdıb.
Yada salaq ki, mərkəzi icra orqanlarında çalışanların əksəriyyəti Rusiyada karantin rejimini ilk günlərindən, yəni aprel ayından mümkün qədər evdən işləmək rejiminə keçiblər. Kremlin qapısı kilidlənib, əsas iş “Köhnə meydan” adlandırılan binalarda davam edib. Ancaq eyni zamanda, təhlükəsizlik tədbirləri maksimum səviyyədə olub. İşçilər bir-birinin otağına getməyiblər. Hətta buraya gələn və buradan göndərilən sənədlər xüsusi məhlulla təmizlənib.
Bundan əlavə, Prezident Administrasiyasında hamı virusla bağlı mütəmadi olaraq yoxlanıb, hətta elələri var ki, hər gün üç dəfə yoxlamadan keçirilib. Eyni texnologiya hökumət evində də qurulub. Qəbul otağına giriş üçün istisnasız olaraq maska taxmaq məcburidir. Elə otaqlar var ki, oraya ümumiyyətlə, maska ilə daxil olmağa icazə verilmir, yalnız məhdud sayda adamın otağa girmək izni var.
Bundan əlavə, Prezident Administrasiyasının 60 yaşdan yuxarı işçiləri digər ofislərə köçürülüb. Amma 15 iyundan etibarən Kreml işçilərinin əksəriyyəti üçün uzaqdan iş rejimi tamamlanıb.
Beləliklə, Vladimir Putini Novo-Oqaryovdakı koronavirusdan qoruyan tunel-aparatla tanış olun.