ABŞ-ın təqdim etdiyi istənilən hücum silahı Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına keçirə bilər, hətta Rusiya ərazisinə dərindən zərbə endirmək qabiliyyətinə malik raketlər tətbiq edilməsə belə.
Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
“Prezident Tramp, bütün Amerika və Avropa bilir ki, biz sülh və müharibənin dayandırılmasını istəyirik. Amma ruslar yalnız gücü başa düşürlər. Ona görə də yalnız sərt sanksiyalar və yalnız güclü silahlar qarşı tərəfi nəyəsə məcbur edə bilər. Biz hərəkətə keçməyə, güc nümayiş etdirməyə hazırıq”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, yalnız güc nümayişi Rusiya prezidentini danışıqlar masasına oturmağa məcbur edəcək.
“Xatırlayıram ki, Tramp prezident olmazdan əvvəl bizim güclü çəkindirmə paketimiz var idi. Mən Amerikanın bizə belə bir paket satmasını istəyirdim. Amma bu baş vermədi. Biz prezident Trampla bu barədə danışdıq. Mən çox istərdim ki, güclü olaq. Güc nümayişi Putini danışıqlar masasına oturmağa vadar edir. Bu gücdən istifadə etməli olacağımız fakt deyil, lakin Rusiya onun varlığından xəbər tutsa, bu, artıq müharibəni dayandırmaq üçün ciddi arqumentdir”, – deyə Ukrayna prezidenti bildirib.
İyulun 14-də Tramp Ukraynaya böyük miqdarda silah, o cümlədən “Patriot” sistemləri tədarük edəcəyini açıqlayıb. İyulun 15-də jurnalistlərlə söhbətində prezident Donald Tramp bildirib ki, Kiyev Moskvanı Ukraynanın zərbələri üçün hədəfə çevirməməlidir. O deyib ki, Avropa ölkələri bu silahların pulunu ödəyəcək. Tramp həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi 50 gün ərzində həll olunmasa, ABŞ Rusiyaya sərt gömrük rüsumları tətbiq edəcək.