Vladimir Putinin səhhəti mütəmadi olaraq xarici mətbuatın gündəminə gəlir.
Tribunainfo.az xəbər verir ki, oktyabrın 16-da Rusiya başçısının hökumət üzvlərilə toplantıda söylədikləri növbəti dəfə bu mövzunu aktuallaşdırıb. TASS-ın yaydığı məlumata görə, Putin deyib ki, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir. Bu, bütün ölkə ərazisində aparılan mövsümi qrip peyvəndi kontekstində müzakirə olunub.
Rusiya Prezidenti deyib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri ona Rusiya peyvəndlərindən istifadə etməyi məsləhət görürlər. Qeyd edək ki, Mərkəzi Klinik Xəstəxana Rusiya Federasiyası Prezidentinin Administrasiyasının nəzdindədir.
“Vladimir Putinin səhhətində heç bir problem yoxdur və onun Mərkəzi Klinik Xəstəxanada müntəzəm müayinələri sadəcə standart tibbi müayinədən ibarətdir” – deyə, TASS-a müsahibəsində Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Lakin Putinin səhhətilə bağlı detalların gizli saxlanılması bu mövzuda müxtəlif iddialara və müzakirələrə yol açır. Məsələn, bir müddət əvvəl Britaniyanın “Daily Mirror” nəşri FTX-dəki mənbələrinə istinadla yazmışdı ki, Putində guya “sürətlə irəliləyən xərçəng xəstəliyinin ağır forması” mövcuddur və o, görmə qabiliyyətinin itirilməsi, baş ağrıları və əllərində titrəmələrdən əziyyət çəkir. Oxşar məlumat “New Lines” jurnalında adı açıqlanmayan rusiyalı oliqarxın prezidentin qan xərçəngi ilə bağlı ciddi sağlamlıq problemləri olduğunu iddia etdiyi məqalədə də yer alıb.